
Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda evdə uduzduğu (0:2) "Bayer Leverkuzen"lə 2:2 hesablı heç-heçə edərək mübarizəni dayandıran "Roma"nın yarımmüdafiəçisi Leandro Paredes Almaniyadakı matçın ardından fikirlərini bölüşüb.
Sportnet.az "Football Italia"ya istinadən xəbər verir ki, "Bay Arena"dakı görüşdə komandasının hər iki qoluna penaltidən imza atan futbolçu belə danışıb:
"Çox üzücüdür, çünki 80-ci dəqiqəyə qədər oyuna nəzarət tam şəkildə bizim əlimizdə idi. Təəssüf ki, avtoqol bizi irəli atılmağa və müdafiədə boşluqlar buraxmağa məcbur etdi. Rəqib çox yaxşı futbol sərgiləyir. Onları təbrik edirəm. Təəssüf ki, avtoqol bizi cəzalandırdı.
Penltidən vurduğum qollar? Karyeram ərzində penalti vurmaq məsuliyyətini dəfələrlə üzərimə götürmüşəm. Lakin bu, uğur qazanmağa kifayət etmədi".
Xatırladaq ki, "Bayer" AL-in finalında "Atalanta" ilə üz-üzə gələcək. Həlledici oyun mayın 22-də keçiriləcək.