
Azərbaycan himni idman gimnastikası üzrə "Challenge” seriyalı Dünya Kubokunun sona çatdığı Qətərin paytaxtı Dohadakı "ASPIRE Academy” idman kompleksində səslənib. Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, hakimlərdən 15.825 xal toplayan gimnastımız Oleq Stepkonun parallel qollardakı final çıxışında tayı-bərabəri olmayıb.
Fəxri kürsünün 2-ci və 3-cü pillələrinə isə müvafiq olaraq Kubadan Manrik Lardue (15.775) və Vyetnam təmsilçisi Fuok Xanq Fam (15.350) yüksəlib.
Dəstəli at üzərində finalda Stepko 3-cü yeri tam 15 xalla Sloveniyadan olan idmançı Saso Bertonsellə bölüşdürüb, dayaqla tullanmada isə 5-ci yerdə qərarlaşıb (14.725).
Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə sərbəst hərəkətlərdə 5-ci yeri tutub, dəstəli at üzərində çıxışında Yaponiya təmsilçisi Daiki Yoroqo ilə 5-ci pilləni paylaşıb və parallel qollarda 7-ci olub.
Qadın idman gimnastikası üzrə yarışlarda Azərbaycanı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil ediblər. Dayaqla tullanma üzrə finalda çıxış edən Nekrasova 6-cı yeri tutub.
Qeyd edək ki, Oleq Stepko "Bakı 2015" I Avropa Oyunlarında 5 medal qazanıb.