Bakıda bədii gimnastika üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının səhnəyə gətirilməsi ilə başlayıb. Ardınca gənclər və idman naziri Azad Rəhimov, sonra isə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış edib. Yaponiyalı funksioner FIG-in ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsini yad etməyi təklif edib və 1 dəqiqəlik sükut elan olunub.
M.Vatanabe dünya çempionatını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Nağıllar gerçəkləşək” (“Fairy Tales will come to life”) şüarı altında təşkil edilən mundialın təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə səyahətə aparacaq şou təqdim ediblər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou nümayiş etirilb. Tədbirə Azərbaycanın məşhur ifaçıları da qatılıblar.
Mərasimdə dünya çempionatının ulduz səfiri, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol" mahnısını səsləndirib. Müğənni və bəstəkar, əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın Dövlət Himnini akapella şəklində ifa edib.
Açılışda Azərbaycanın xalq artisti Emin Ağalarov öz sevilən nəğmələrini oxuyub.
Qeyd edək ki, sentyabrın 22-dək davam edəcək yarışda 61 ölkənin 300-dən çox idmançısı mübarizə aparacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən, 6 - 8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.
Azərbaycan millisini dünya çempionatına 9 gimnast təmsil edəcək. Fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova qüvvəsini sınayacaq. Qrup hərəkətlərində isə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova mübarizə aparacaqlar.
Yarışın biletlərini Milli Gimnastika Arenasının kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) almaq mümkündür. Qiymətlər isə 10, 15 və 20 manat təşkil edir. (Report)