2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iki aydan bir qədər artıq vaxt qalır. Get-gedə Azərbaycan idman ictimaiyyətinin əsas diqqəti bu Oyunlara yönəlməkdədir. Artıq ölkəmiz adına lisenziyaların böyük qismi qazanılıb, yığmaların bir çoxu olimpiada hazırlıqlarına start verib.
İndiki məqamda hər kəsi düşündürən məsələlərdən biri də Olimpiya yığmasının bayraqdarı missiyasının kimə həvalə olunacağıdır. Sportnet.az bu yazıda sözügedən məsələyə cavab tapmağa çalışıb.
Ənənələr
Bunadək müstəqil ölkə olaraq iştirak etdiyimiz 5 zirvə yarışının dördündə bu missiyanı son olimpiadanın ən yaxşıları yerinə yetirib. Yalnız bir dəfə bu, qeyri-olimpiya mükafatçısına həvalə olunub. 1996-cı ildə Nazim Hüseynov (cüdo üzrə olimpiya çempionu, Barselona-1992), 2000-ci ildə Namiq Abdullayev (güləş üzrə olimpiya vitse-çempionu, Atlanta-1996), 2004-cü ildə Nizami Paşayev (ağırlıqqaldırma üzrə dünya çempionu), 2008-ci ildə Fərid Mansurov (güləş üzrə olimpiya çempionu, Afina-2004), 2012-ci ildə Elnur Məmmədli (cüdo üzrə olimpiya çempionu, Pekin-2008) nümayəndə heyətinin önündə olub.
London-2012-də iki idmançımız olimpiya çempionu olub - Toğrul Əsgərov və Şərif Şərifov. Şərifovun Rio-2016-ya gedəcəyi böyük sual altındadır. Çünki onun da yer aldığı hazırkı çəki dərəcəsində (97 kq) lisenziyanı Xetaq Qazyumov qazanıb və hazırkı formasına əsasən, osetiyalı legionerin olimpiadada iştirak edəcəyi daha inandırıcıdır. Üstəlik, əslən dağıstanlı Şərifovun milliləşdirilmiş idmançı statusuna malik olması amili də var. Onsuz da təmsilçilərimizin böyük hissəsinin əcnəbi olduğu bir məqamda Azərbaycan bayrağını hansısa legionerə həvalə etməyin özü birmənalı qarşılanmaya bilər. Lap elə Qazaxıstanla yoldaşlıq görüşündə futbol millimizin kapitan sarğısının dağıstanlı Bədavi Hüseynova həvalə edilməsi kimi...
Məhz bu amilə əsasən, tsikl ərzində Avropa və dünya çempionluqları qazanmış, eləcə də "Bakı 2015” I Avropa Oyunlarının qalibi olmuş legionerlərin də bayraqdar olacağı inandırıcı deyil. Başqa sözlə, Məhəmmədrəsul Məcidov, Mariya Stadnik, Radik İsayev və Boyanka Kostova kimi milliləşdirilmişlər Açılış Mərasimində olimpiyaçılarımızın önündə ola bilməzlər.
Real vəziyyət
Amma bu, o demək deyil ki, bayraqdar seçimi zamanı "Bakı-2015”də yüksək nəticə qazanmış azərbaycanlı idmançılar diqqətdən kənarda saxlanılacaqlar. Ona görə də sərbəst güləşçi Toğrul Əsgərovla yanaşı, yunan-Roma güləşçisi Rəsul Çunayevin də bayraqdar olma ehtimalı kifayət qədər yüksəkdir. Hətta əvvəlki iki olimpiadanı medalla başa vurmuş təcrübəli yunan-Roma güləşçisi Rövşən Bayramovun da...
Çunayev tsikl ərzində Avropa Oyunları və dünya çempionatı kimi mötəbər yarışın, Universiadanın və yığma ilə birlikdə Dünya Kubokunun qızıl medallarını, əsas qitə yarışının gümüş, mundialın isə bürünc medalını qazanıb, cəmiyyətin bütün təbəqələri arasında yüksək nüfuza malikdir. O, 7-dən 77-yə hamının tanıdığıdır.
Toğrul Əsgərovun şanslarını artıran bir neçə səbəb var ki, bunlardan birincisi "London-2012"nin qalibi olmasıdır. Tsiklın ilk üç ilini boşa versə də, ötən il "Bakı 2015"də qazandığı çempionluqla diqqət mərkəzinə düşüb, gözlənilmədən Avropa Oyunlarının ən yaxşı kişi atleti seçilib. Dünya çempionatında hakim haqsızlığı ilə üzləşərək, medalsız qalsa da, lisenziya qazanmağı bacarıb.
Bütün bunlarla yanaşı, bir tutarlı səbəb də var ki, bu da Avropa Oyunları ilə bağlıdır. Sözügedən turnirdə hər kəs məhz Əsgərovun bu missiyanı yerinə yetirəcəyini gözləsə də, qərar fərqli olmuşdu. Yəni, ikinci dəfə, hələ vurğuladığımız nailiyyətlərdən sonra belə bir halın yaşanması inandırıcı deyil.
Bir məqam da var ki, "Rio-2016”da güləş yarışları olimpiadanın start götürəcəyi avqustun 5-də başlamayacaq. Pəhləvanlar mübarizəyə bundan bir həftə gec başlayacaqlar. Bu amilə əsasən, güləşçilərin Braziliyaya ikinci reyslə yola salınacaqları gözlənilir. O halda bayraqdar yarışa daha erkən başlayan cüdoçular arasından da seçilə bilər. Belədə əsas namizəd kimi son Avropa çempionu Rüstəm Orucovla (73 kq) yeganə dünya çempionumuz Elxan Məmmədov (100 kq) göz önünə gəlir. Hərçənd, Məmmədovun Elmar Qasımovla rəqabətdən qalib ayrılaraq, olimpiadaya yollanacağı sual altındadır.
Hər halda sadaladıqlarımız variantların hansının həyata keçəcəyi və ya ümumiyyətlə, bayraqdarın yeni ad olacağı iyulda məlum olacaq. Bunu gənclər və idman naziri Azad Rəhimovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyir.
Ekspert rəyləri
"Futbol+” qəzetinin yazarı Sərxan Musalının fikrincə, bayraqdar sözün əsl mənasinda lider olmalıdır: "Təəssüf ki, bayraqdar sarıdan bizim bəxtimiz gətirmir. Yalnız Sidney-2000 bu baxımdan istisna olub. Avstraliyada bayrağımızı daşıyan Namiq Abdullayev olimpiya çempionu oldu. Qalan bütün olimpiadalarda sanki bir uğursuzluq bayraqdarlarımızı cənginə alıb: Medal qazana bilməyiblər. Əksəriyyəti də ilk mərhələdən kənarda qalıb. Ona görə də indi belə fikir yaranıb ki, bəlkə bayrağı medal gözləmədiyimiz idmançıya verək. Amma mən belə düşünmürəm. Bayrağı daşımağa 2 namizəd görürəm. Toğrul Əsgərov son olimpiya çempionu kimi bu hüquqa yiyələnə bilər. Amma ötənilki dünya çempionu Rəsul Çunayev Toğrulun əsas rəqibi olacaq. Rəsul ötən il və bu il keçirdiyi bütün görüşlərdə qələbə qazanıb. Üstəlik, baxımlı güləş üslubu və maraqlı qələbə (rəqs, əsgər salamı) jestləri ictimaiyyət arasında böyük nüfuz qazanmasına səbəb olub. Məncə, MOK bu 2 güləşçidən birini bayraqdar seçəcək”.
Amma ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Vahid Nəzərov Rövşən Bayramovu namizəd göstərdi: "Çox istərdim kİ, bu missiyanı Rövşənə həvalə etsinlər. Bu, üçüncü olimpiya mücadiləsinə çıxacaq ikiqat vitse-çempionumuzun tam haqqıdır".
Olimpiadada Azərbaycan nümayəndə heyətinin şef de-missionu təyin olunmuş Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov isə bayraqdarın yarışa nə vaxt başlayacağından asılı olmayaraq, Braziliyaya ilk heyətlə yola salınacağını bildirib: "Bayraqdar missiyasını yerinə yetirəcək idmançı öz növündə yarışların nə vaxt başlanacağından asılı olmayaraq, Braziliyaya aparılacaq. Yəni, məcburi dəyişikliyin baş vermə ehtimalı yoxdur”.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb