Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Braziliyada keçirilən dünya çempionatı və Almaniya yığmasından, eləcə də millimizdən də söz açıb:
- Berti Foqts dünya çempionatında ABŞ-ın baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi idi. Dünya çempionatı haqda nə deyə bilərsiniz?
- Mən Braziliyada çox stadionlarda oldum. Braziliyalılarla da yaxın ünsiyyətdə idik. Oradakı uşaqlar məni heyran etdi. Dövlət himni səslənəndə onlar xüsusi zövq ilə oxuyurdular. Braziliya xalqının səmimiliyi və yardım sevərliyi də xoşuma gəldi.
- Finalda Argentina yığması ilə qarşılaşacaq Almaniya Braziliyanı 7:1 hesabı ilə məğlub etdi. Siz bu cür qələbə gözləyirdiniz?
- Qələbə yox, ancaq hesab təəccübləndiricidir. Almaniyanın və ya hansısa Avropa ölkəsinin Braziliyaya qalib gələcəyi məlum idi. Əvvəlcə mən hesabın 4:1 olacağını demişdim. Hamı düşünürdü ki, mən ağlımı itirmişəm. Sadəcə Almaniyanın heyətində yaxşı futbolçular var. Braziliyanın bu cür məğlub olması üzücüdür. Yoahim Löv rəqibi yaxşı analiz etdiyi üçün bu cür nəticə ortaya çıxdı.
- Dünya çempionatında Almaniya yığması Braziliyadan nə ilə fərqlənir?
- Almaniya Əlcəzairə qarşı oynayanda bəzi problemlər var idi. Həmin oyundan sonra bəzi dəyişikliklər edildi. Bundan sonra lazım olan nəticə qazanıldı.
- Almaniyanı Braziliyadan güclü edən başqa xüsusiyyətlər hansılardır?
- "Bavariya"nın 6 futbolçusu Almaniyanın heyətində yer almışdı. Onlar bir-birini yaxşı başa düşür. Digərləri də öz işinin öhdəsindən layiqincə gəlir.
- Löv uzun müddət Filipp Lamı dayaq yarımmüdafiəçisi mövqeyində sınadığı üçün yerli mətbuatın tənqid hədəfinə çevrilmişdir. Siz onun bu hərəkətini başa düşə bilirsiniz?
- Yoahim Löv öz işini yaxşı bilir. Mən bu cür qərarların müzakirəsini yersiz hesab edirəm.
- Klinsmannın məsləhətçisi qismində çalışmısınız. Hər hansı bir iş təklifi var?
- Hazırda mənim Azərbaycan millisinin baş məşqçisi kimi müqaviləm davam edir. Komandamı Avropa çempionatının seçmə mərhələsinə hazırlamalıyam. Biz Bolqarıstan, İtaliya və Xorvatiya ilə qarşılaşacağıq. Rəqiblərimiz də asandır (gülür). Siz özünüz görəcəksiniz.