"Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin Sportnet.az-a müsahibəsi
"Bizim üçün ən ortabab nəticə - heç-heçədir"
- Ötən mövsüm klubunuz Premyer Liqada qalmağı son turda təmin etdi. Amma bu mövsüm "Sumqayıt” ilk iki turdan sonra maksimal xalla liderdir. Komandanın hazırki vəziyyətini necə dəyərləndirirsiniz?
- Çempionatın püşkü atılanda ilk 3 turda güclü rəqiblərlə düşmüşdük deyə, bir az həyəcan vardı. Komandamızın texniki heyəti bilirdi ki, "Qarabağ”a, "Xəzər Lənkəran”a qarşı oynamaq çox çətin olacaq. Çünki onlar uğur qazanmış, keyfiyyətli oyunçulara malik klublardır. İlk tur haqda danışmayacağam. Çünki olub-keçib. Ancaq ikinci turda əlimizdən gələni etdik. "Xəzər Lənkəran” da vəziyyətlərdən istifadə edə bilmədi. Birinci yerdəyik, sevinirik. Ancaq qətiyyən eyforiyaya qapılmırıq.
- "Xəzər Lənkəran”la oyunda rəqib komandanın əsas qapıçısı Orxan Sadıqlı meydandan qovuldu, onu daha təcrübəsiz və gənc qapıçı əvəzlədi. "Sumqayıt” da qələbəni elə penalti sayəsində qazandı. Düşünmürsünüz ki, "Sumqayıt” 6 xalı bəxt hesabına əldə edib?
- Eyni səviyyəli komandaların oyununda bəxt çox vacib amil olur. "Qarabağ” ilə oyun bəxt məsləsi deyildi, texniki səhv idi. Amma "Xəzər Lənkəran”la görüşdə 90 dəqiqə ərzində bəxtə ümudlənmək düzgün deyildi. Bizim də əsas qapıçımız oyunda iştirak etmirdi. Qapıda gənc qolkiper Şahruddin Məhəmmədəliyev idi. Ondan əlavə Vurğun Hüseynov, Aleksandr Çertoqanov meydanda deyildi. Komandamız vuruşdu, öz şansından istifadə etdi və nəticə qazandı.
- İki tura maksimum nəticədən sonra "Sumqayıt”in iddiaları dəyişib?
- Hər oyuna köklənib, uğur qazanmaq üçün çıxırıq. Bizim üçün ən ortabab nəticə - heç-heçədir. İki turdan sonra analiz etmək hələ ki çətindir. Çünki "Simurq”, "Bakı” hələ bir oyun keçirib. I dövrədən sonra hansısa komanda iddiadan danışa bilər. Təbii ki, elə klublar var, onlar əzəldən iddiallıdırlar. Bizim komandanın qarşısına isə ötənilki nəticədən daha yaxşısını qazanmaq qoyulub.
"Keçmiş futbolçularımızın bizə qarşı oynamalarına sevinərəm"
- Qarşıdakı oyunlardan hansı nəticələri gözləyirsiniz?
- Komandada əhval-ruhiyyə yüksəkdir. Lakin qarşıdan "İnter”lə oyun gəlir. Bizim də 9 futbolçumuz U-21-in, 1 futbolçumuz isə əsas millinin heyətindədir. Komandaya verilən istirahətdən o futbolçular istifadə edə bilməzlər. Hardasa əlavə yükləri var. Amma bu, onların borcudur. Milliyə nə qədər çox futbolçu versək, bu, klubun imicinə müsbət təsir edəcək. Eyni zamanda oyuna tam hazır olmağa çalışacağıq. İnşallah uğurlu nəticə qazanarıq. Bu həftə də uduzmasaq, lider olaraq qalacağıq.
- Oyunun təxirə salınması üçün müraciət edəcəksiniz?
- Xeyr, ehtiyac yoxdur. Çünki "İnter”in də futbolçuları millidədir. Ümumiyyətlə, belə bir şey nəzərdə tutulmayıb. Niyə də olmalıdır?! Futbolçular bilməlidirlər ki, dünya praktikasında belə bir şey var, həftədə iki oyun olsa belə, hazır olmalıdırlar.
- "Sumqayıt”dan "İnter”ə keçmiş futbolçuların sizə qarşı oynamama ehtimalı var?
- Bunu Kaxaber Tsxadadzedən soruşun. Biz onları icarəyə verməmişik, satmışıq. Əgər icarə olsaydı, müqaviləyə belə bənd əlavə edə bilərdik. Biz heç elə iş də etməzdik. Çünki futbolçu hara icarəyə verilirlə, ora oynamaq üçün gedir. Keçmiş futbolçularımızın bizə qarşı oynamalarına sevinərəm. Çünki yetişdirdiyimiz futbolçunun iddialı klubda oynaması uğurumuzdur.
"Nənəsi mənimlə səlis Azərbaycan dilində danışdı"
- "Sumqayıt”ın transfer etdiyi legionerlərin milliyə çağırılması, yerlilərin isə kənarda qalması futbol ictimaiyyətində birmənalı qarşılanmır. Buna münasibətiniz necədir?
- Bu müsahibəni oxuyanlara çatdırmaq istəyirəm ki, legioner həm milliyyəti, həm də pasportu Azərbaycana aid olmayanlara deyilir. Futbolçunun qanında azərbaycanlı qanı varsa və texniki heyət onu analiz edib, milliyə dəvət edibsə, o, legioner sayılmır. Bir misal çəkim: Lionel Messi İspaniyada legioner sayılmır, Argentina millisində oynayır, amma əsli İspaniyanın hansısa vilayətinə gedir deyə, oranın da pasportu var.
- Ancaq Azərbaycanda ikili vətəndaşlıq yoxdur...
- Mən hüquqşunas deyiləm. Ancaq idmanda bəzi istisnalar yer alır. Digər idman növlərində millinin heyətlərinə baxın, Azərbaycanın bayrağını ucaldırlar. Burada Pərdis Fərzad-Azad, Kiyan Sultanpur milliləşib. Onların da əsilləri Azərbaycandandır. Mən sizləri onların ailə üzvləri ilə danışdıraram. Görün, sizinlə hansı dildə danışacaqlar. Bizim soydaşlarımızdırsa, onları legioner adlandırmaq düzgün deyil. O faktı sübuta yetirmək üçün Sultanpurun ailəsi ilə əlaqə saxladım. Nənəsi mənimlə səlis Azərbaycan dilində danışdı. Onda bu, niyə azərbaycanlı sayılır? Braziliyadan, Balkan ölkələrindən gələn legionerdir. Sultanpur necə legioner ola bilər?!
Röya KƏRİMLİ