Bu il klub futbolu sonuncu dəfə fasilə götürüb. Sportnet.az-ın
məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə "Qarabağ”
klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın "Dnepr”
komandasının futbolçuları milli komandalarına yollanıblar.
"Dnepr” klubunun 11 futbolçusu öz ölkəsinin
millisində iştirak etmək üçün yola düşüb. Bunlardan Roman Zozulya, Ruslan
Rotan, Denis Boyko, Artyom Fedetski və Yevgeniy Konoplaynka Ukrayna millisinə çağrılıblar.
Ukrayna yığması noyabrın 15-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində
Lüksemburq millisi ilə qarşılaşacaq.
Gürcüstanlı legioner Caba Kankava da milliyə
qoşulmaq üçün komandanı tərk edib. Gürcüstan millisi noyabrın 14-də Polşa
yığması ilə qarşılaşacaq.
Digər iki futbolçu isə Avropa çempionatının qrup
mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının üzvləri - İvan
Striniç və Nikola Kaliniç də milli komandaya qoşulmaq üçün "Dnepr”i tərk
ediblər. Xorvatiya yığması noyabrın 12-si Londonda yoldaşlıq görüşü üçün Argentina
ilə, 16-da isə qrup mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-sı saat 21:00-da "Bakcell Arena”da Norveç yığmasını qəbul edəcək.