Bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 görüş baş tutacaq.
İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının qonağı olacaq. "Nou Kamp"da keçiriləcək qarşılaşmada meydan sahibləri üstünlüyə malik olsalar da, "şəhərlilər"in növbəti mərhələyə yüksəlmə şansı az deyil. Mançesterdəki ilk oyunda 1:2 hesabı ilə məğlub olmuş İngiltərə təmsilçisi minimal hesablı qələbə ilə 1/4 finala vəsiqəni təmin etmiş olacaq. Kataloniyalılar isə ən azı hesabı qoruyacaqları təqdirdə, Avropanın nüfuzlu klub turnirində yoluna davam edəcək. Qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək.
Bu görüşlə paralel olaraq, Dortmund "Borussiya"sı ilə "Yuventus" üz-üzə gələcək. Almaniyada keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi çıxacaqlar. Turindəki ilk görüşdə 2:1 hesabı ilə qalib gələn İtaliya klubu ən azı heç-heçə əldə edərək, yoluna davam etmək istəyir. "Borussiya"ya isə Çempionlar Liqasında çıxışını dayandırmamaq üçün minimal hesablı qələbə də yetərlidir. Qarşılaşma serbiyalı referi Milorad Majiçə həvalə olunub.
Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol: İvan Rakitiç, 31
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun: 2:1
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya) - 0:3
Qol: Karlos Tevez, 3; 79. Morata, 70
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun: 1:2
Qeyd edək ki, artıq "Monako", PSJ (hər ikisi Fransa), "Real Madrid", "Atletiko Madrid" (hər ikisi İspaniya), "Portu" (Portuqaliya) və "Bavariya" (Almaniya) komandaları 1/4 finala vəsiqəni təmin edib.