İdman Araşdırmalar Mərkəzinin layihəsi olan "Futproqnoz" yarışmasının püşkünü Sportnet.az saytının ofisində atarkən, maraqlı bir məqam diqqətdən yayınmadı. Futbolçular üçün püşkatma zamanı həm də meyxanaçı kimi tanınan Ruslan Əmircanovun bəxtinə Honduras yığması düşdü. Bu zaman istər futbolçu Rail Məlikov, istər "Sumqayıt" rəsmisi Ceyhun Sultanov, istərsə də jurnalist dostlarımızın üzündə təbəssüm yarandı.
Əmircanovdan Honduras yığmasının Fransa ilə oyununa proqnoz almaq isə böyük problemə çevrildi. Özü Sloveniyada, zənglərə cavab vermir... Bəlkə də bəxtinə məhz belə komanda çıxdığı üçün idi.
Halbuki, püşkatmadan öncə özünün razılığını alarkən, çempionat müddətində onun "Qəbələ"nin heyətində Sloveniyada təlim-məşq toplantısında olacağını bilirdik. Hətta bunu diqqətinə çatdıraraq, "Sizinlə əlaqə saxlamaq çətin olmayacaq?" deyə soruşmuşduq. O isə telefonunun rouminqə açıq olacağını demiş, özünü proqnoz verməyə hər zaman hazır saymışdı. Hətta "what s up" vasitəsilə də əlaqə saxlamağımızın mümkünlüyünü dedikdə, "Mən kəndçi adamam, elə şeylərdən başım çıxmır" deyə zarafat etmişdi.
Onu FUTPROQNOZ yarışmasına seçməyimiz isə "28 may hansı gündür" mövzusunda əməkdaşımız Sevinc Xanqızının apardığı sorğuya çox savadlı, hərtərəfli və dəqiq cavab verməsi ilə əlaqədar idi. İki günlük axtarışdan sonra nəhayət, digər əməkdaşımız Ceyhun Əliyev Əmircanovun proqnozunu öyrənə bildi. Fransanı "təmsil edən" həmkarımız Sənan Abdullayevdən fərqli olaraq, Hondurasın 0:4 yox, 0:2 hesabı ilə uduzacağını dedi.
Artıq 60-cı dəqiqə gedir, hesab elə Əmircanovun dediyi kimidir. Amma Fransanın bu 2 qolu vurması nə qədər həngamə hesabına başa gəlib? İlk qolu penaltidən vurublar, üstəlik, braziliyalı referi Hondurasın 1 futbolçusunu qovub, ikinci qol isə FİFA-nın yeni texnologiyası hesabına qeydə alınıb. Bəlkə də o texnologiya olmasaydı, referinin Hondurasa yazığı gələcək və mərkəzi göstərməyəcəkdi.
Sonra da UEFA-nın fransalı prezidenti Mişel Platini FİFA-dakı həmkarı Yozef Blatterin əleyhinə çıxır, onun yenidən prezident seçilməsini istəmir. Axı bu texnologiyanın ilk bəhrəsini görən sənin komandandır. O komanda ki 2012-ci il Avropa çempionatına əllə vurulan qol sayəsində yüksəldi, Braziliyadakı mundiala isə Ukraynanı "aldıqlarına" dair söz-söhbətlə.
Sözüm onda yox... Əsas məsələ odur ki, Fransa Ruslan Əmircanovun dediyi hesabla qalib gəlir. 10 nəfərlə qalan "yetim" Hondurasa Fransa "bolşe" qol vura bilmir. Ən əsası, azərbaycanlı futbolçu dünya çempionatında qələbəyə sevinir.
Nə olsun ki, o, dünya çempionatında iştirak etmir... Nə olsun ki, o, hətta Azərbaycan millisinə də ara-sıra dəvət alır...
Elşən MƏMMƏDOV
P.S. Yazı yenicə tamamlanmışdı ki, Fransa 3-cü qolu vurdu. İndi qalır "Xəzər TV"li həmkarımız Sənan Abdullayevin dediyi 4:0 hesablı qələbənin gerçəkləşib-gerçəkləşməyəcəyini gözləmək...