"Bakı 2015" I Avropa Oyunlarının Alovu Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsinə yollanıb. Sportnet.az-ın məlumatına görə, Xocavənd sakinlərinin gurultulu alqışlarının müşayiəti ilə estafeti məşhur peşəkar döyüşçü pəhləvanlar Abbasov qardaşlarından biri başlayıb, digəri başa çatdırıb.
Pankration, sambo, döyüş sambosu, ciu-citsu və əlbəyəxa döyüş növləri üzrə dünya çempionu Bəxtiyar Abbasov öncə qaçıb. Estafeti təqaüdçü-aqronom Murad Quliyev, şaolin döyüş sənəti üzrə məşqçi-müəllim Elvin Səfərov, sahibkar Əbülfət Hüseynov, ictimai fəallar Müşfiq Hüseynov və Davud Tahirov, informasiya təhlükəsizliyi üzrə menecer Babək Hüseynov, əmtəəşünas Fərhad Tahirov, "Bakı 2015"in rəsmi tərəfdaşı "Nar Mobile”ın nümayəndəsi Ruslan Hüseynov, bədən tərbiyəsi və idman müəllimi Taleh Mirzəyev davam etdiriblər. Son məşəlçi pankration və döyüş sambosu üzrə dünya çempionu, GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının vitse-prezidenti Şəhriyar Abbasov Bayraq meydanında quraşdırılmış səhnəyə qalxaraq, Bakı 2015-in rəmzi çırağını alovlandırıb. Orta məktəbin 11-ci sinif Aytac Rüstəmli çırağı ictimaiyyətə təqdim edib.
Məşəl estafeti mayın 10-da Ağcabədiyə səyahətini başa vurduqdan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində davam edəcək və orada möhtəşəm Alov Festivalı ilə daha bir günə yekun vurulacaq.