Rusiyanın paytaxtı Moskvada kayak və kanoe üzrə dünya çempionatı start götürüb. Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün Azərbaycan milli komandasının üzvləri mübarizəyə başlayıblar.
Yürüşlərdə 6 təmsilçimizdən 4-ü 3 yürüşdə iştirak edib. Onlardan Sergey Bezuqlıy - Aleksey Kupin dueti finala yüksəlib. Nikolay Matviyçuk və Aleksey Solovey isə yarımfinalda büdrəyib.
Bakı vaxtı ilə 9:05-də Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə start xəttinə çıxıb. 500 metr məsafəyə yürüşdə onların rəqibləri Vei Jie Li - Hao Liu (Çin), Matyuş Kaminski - Mixal Kudla (Polşa), Henrik Basbanyay - Robert Mike (Macarıstan), olimpiya çempionlarından ibarət Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus), Rahul Kumar - Satyavan Sinq (Hindistan), Andre Oliveyra - Yeray Pikallo (İspaniya) dueti olub.
Bezuqlıy - Kupin dueti 3-cü yeri tutub. Onlar finişə 1 dəqiqə 41,515 saniyəyə çatıblar. 1 dəqiqə 40.421 saniyə nəticə ilə hamını qabaqlayan macarıstanlı duet birbaşa finala yüksəlib.
Finişə 1 dəqiqə 40,781 saniyəyə çatan Baqdanoviç qardaşları 2-ci, Kaminski - Kudla dueti 1 dəqiqə 43,170 saniyə nəticə ilə 4-cü, Li - Liu cütlüyü 1 dəqiqə 48,293 saniyə nəticə ilə 5-ci, Oliveyra - Pikallo dueti 1 dəqiqə 50,710 saniyə göstərici ilə 6-cı, Kumar - Sinq cütlüyü isə 2 dəqiqə 1,191 saniyə göstərici ilə 7-ci olub. Onlar azərbaycanlı duetlə birgə mübarizəni yarımfinalda davam etdiriblər.
Növbəti mərhələdə də Bezuqlıy - Kupin dueti ilk "3-lüy"ə düşməyi bacarıb. Onlar finişə 1 dəqiqə 40,091 saniyəyə çataraq, 3-cü yeri tutublar. Təmsilçilərimizlə birgə yürüşün qalibi olan rumıniyalı Liviu Alexandru Dumitresku Lazar - Viktor Mixalaki (01:38.391) dueti və ikinci yeri tutan kubalı Serxuey Torres Madriqal - Roleksis Baes Avila cütlüyü (01:39.070) həlledici yürüşdə iştirak hüququna yiyələnib. Çexiyalı Yaroslav Radon - Filip Dvoryak (01:40.467), moldovalı Pavel Rusu - İlie Nuta (01:43.743), ekvadorlu Andres Lazo - Visente Qonsales (01:47.526), çinli Vei Jie Li - Hao Liu (01:47.579), hindistanlı Rahul Kumar - Satyavan Sing (01:54.922) və mozambikli Joakim Lobo - Mussa Şamon (02:20.436) duetləri isə mükafatlar uğrunda mübarizədən kənarda qalıblar.
Final yürüşü avqustun 9-da saat 12:03-də keçiriləcək. Bezuqlıy - Kupin dueti birinci yürüş cığırında yer alacaq. Digər cığırlarda ardıcıl olaraq, Nikolae Kratsyun - Daniele Santini (İtaliya), Liviu Alexandru Dumitresku Lazar - Viktor Mixalaki (Rumıniya), Henrik Vasbanyay - Robert Mike (Macarıstan), Aleksey Korovaşkov - İvan Ştıl (Rusiya), Robert Nuk - Ştefan Holts (Almaniya), Dmirti Yançuk - Taras Mişçuk (Ukrayna), Serxuey Torres Madriqal - Roleksis Baes Avila (Kuba) və Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus) duetləri çıxış edəcək.
Saat 11:08-də kayakçımız Aleksey Solovey 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələ yürüşünə başlayıb. O, finişə 3 dəqiqə 56,126 saniyəyə çataraq, 7-ci olub. Məhz ilk "7-liy"ə düşdüyündən, Solovey danimarkalı Rene Holten Poulsen (03:28.135), kanadalı Adam van Kuverden (03:28.701), polşalı Rafal Rosolski (03:33.379), hollandiyalı Bram Brandyes (03:36.929), finladiyalı Miika Ditrix (03:37.395) və norveçli Yo Sondre Solhauk (03:50.365) ilə birgə yarımfinala yüksəlib. O, rəqiblərindən yalnız misirli Kərim Abdelsamini (03.59.030) geridə qoya bilib.
Yarımfinal yürüşündə isə kayakçımız 2 dəqiqə 53,02 saniyə nəticə ilə 9-cu olaraq, mübarizəni dayandırıb. O, kanadalı Adam van Kuverden (02:35,12), portuqalıyalı Fernando Pimenta (02:37,00), ukraynalı Vitali Tsurkan (02:38, 28), slovakiyalı Peter Gelle (02:39,80), braziliyalı Selso Dias de Oliveyra Xunior (02:41,68), serbiyalı Deyan Payiç (02:42,32), latviyalı Martins Veyspals (02:45,69) və çinli Honq Penq Çanqdan (02:46.09) geri qalıb.
Saat 11:22-də Azərbaycan təmsilçisinin iştirakı ilə növbəti yürüş başlayıb. Kanoeçimiz Nikolay Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşə qatılıb. Bu məsafəyə 4 seçmə yürüş üzrə ümumilikdə 33 kanoeçi start xəttinə çıxacaq. Matviyçukun rəqibləri En Pinq Çu (Taypey), Mussa Şamon (Mozambik), Pavlo Altuxov (Ukrayna), Sergey Yemelyanov (Qazaxıstan), Sebastian Brendel (Almaniya), Fakundo Pagiola (Argentina), Joosep Karlson (Estoniya) və Pavel Rusu (Moldova) olub. Təmsilçimiz 4 dəqiqə 4,798 saniyə nəticə ilə 3-cü yeri tutub. Birinci yerə Brendel (3:58.525), ikinci yerə Rusu (3:59.931) sahib olub. Növbəti yerlərdə Çu (04:06.133), Yemelyanov (04:07.938), Altuxov (04:09.196), Karlson (04:10.714), Pagiola (04:11.892) və Şamon (05:08.695) qərarlaşıb. ilk "6-lığ"a düşdüyündən, Matviyçuk yarımfinala yüksəlib.
Yarımfinal yürüşündə Matviyçuk əsas finala vəsiqə verən ilk "3-lüy"ə düşə bilməyib. O, finişə 4 dəqiqə 3,784 saniyəyə çataraq, 5-ci yerlə kifayətlənib. Braziliyalı İsakias Keyruş de Santos (03:51,861), çexiyalı Martin Fuksa (03:53,671) və ispaniyalı David Kal (03:54,507) ilk 3 yerin sahibi kimi əsas finala yüksəlib. Təmsilçimiz Fransalı Matyö Qubel (03:54,777) və argentinalı Fakundo Paciola (04:13,241) ilə birgə mübarizəyə 10 - 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yekun vurmalı olacaq. Taypeyli En Pinq Çu (04:15,207), indoneziyalı Spens Stuber Mehua (04:21,651) və filippinli Markaranas Hemine (04:23,202) isə mübarizəni dayandırıb.