"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindək rəqibləri ölkə çempionatlarında növbəti oyunları keçiriblər. Sportnet.az-ın məlumatına görə, 6 komandadan 2-si bu gün meydana çıxacaq.
"Qəbələ"nin yer aldığı C qrupundakı rəqiblərindən yalnız Almaniya "Borussiya"sı Bundesliqada qüvvəsini sınayıb. Dortmund təmsilçisi "Ştutqart"la qarşılaşıb. Tomas Tuxelin rəhbərlik etdiyi komanda 4:1 hesablı qələbə qazanıb. "Borussiya"nın heyətində Qonzalo Kastro (3 dəqiqə), Obameyanaq (19 və 90+1-ci dəqiqə) fərqlənib. "Ştutqart"ın futbolçusu Georg Nyedermeyer isə topu öz qapısına göndərib (65 dəqiqə). 3 xal sayəsində "Borussiya" 14 turdan sonra 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya isə 40 xalla "Bavariya" başçılıq edir.
"Qəbələ"nin digər rəqibləri isə bu gün meydana çıxacaq. Yunanıstan PAOK-u Super Liqada səfərdə "Kalloni" ilə, "Krasnodar" isə Premyer Liqada evdə "Rostov"la üz-üzə gələcək. PAOK 11 turdan sonra 16 xalla 6-cı, "Krasnodar" isə 16 turdan sonra 24 xalla 8-ci pillədə qərarlaşıb.
"Qarabağ"ın mübarizə apardığı J qrupundakı rəqiblərin hamısı ölkə çempionatında meydana çıxıblar. İngiltərə "Tottenhem"i digər London təmsilçisi "Çelsi"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. "Tottenhem" 14 turdan sonra 25 xalla 5-ci pillədədir. Liqa 1-də mübarizə aparan "Monako" "Marsel"in qonağı olub. Görüş 3:3 hesabı ilə başa çatıb. "Monako"nun heyətində Almami Ture dubl edib (18 və 72-ci dəqiqə) və Fabio Kaentrao (72-ci dəqiqə) adını tabloya yazdırıb. Səfərdən 1 xalla dönən "Monako" 15 turdan sonra 24 xalla 7-ci pillədə qərarlaşıb. Belçikanın "Anderlext" klubu isə "Löven"i qəbul edib. 90 dəqiqənin sonunda sevinən tərəf meydan sahibləri olub - 3:2. "Anderlext"in qolları Matias Suares (31-ci dəqiqə) və İdrissa Sillanın (39 və 68-ci dəqiqə) adına yazılıb. 16-cı turda qeydə alınan bu nəticə ilə "Anderlext" 32 xalla 4-cü pillədədir.