Son günlər Pireney yarımadasında təsirli olan “Kristin” adlı fırtına “Leyriya” futbol klubunun stadionunu yararsız hala salıb.
Sportnet.az xəbər verir ki, 2004-cü il Avropa çempionatı üçün inşa edilən Doktor Maqalyanis Pessoa adına stadion güclü küləklərə tab gətirə bilməyib.
Fırtına nəticəsində arenanın dam örtüyü tamamilə dağılıb, metal konstruksiyalar və digər materiallar meydançaya və ətraf ərazilərə səpələnib.
Klubun məşq akademiyası da ciddi zərər görüb: Metal hasarlar sıradan çıxıb, işıq dirəkləri əyilib, qapılar isə güclü küləyin təsirindən deformasiyaya uğrayıb. Sosial şəbəkələrdə yayılan fotolar fırtınanın dağıdıcı gücünü əks etdirir.
Yerlı sakinlər Leyriya bölgəsində bir neçə gün elektrik və su təchizatında fasilələrin yarandığını bildiriblər. Stadionun vəziyyəti azarkeşlər arasında da ciddi narahatlıq doğurub.
Qeyd edək ki, zərər görən arena AVRO-2004 üçün tikilən stadionların memarı Tomaş Taveyra tərəfindən layihələndirilib. Hadisədən sonra stadionun keyfiyyəti və istismar vəziyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Baş verən hadisədən sonra “Leyria” sosial şəbəkələr vasitəsilə azarkeşlərə müraciət edərək stadionun bərpasına köməklik göstərməyə çağırıb. Klubun çağırışına yüzlərlə azarkeş müsbət cavab verib. Onlar həftəsonu əllərində kürəklər və müxtəlif alətlərlə stadion ərazisinə gələrək təmizlik və bərpa işlərində iştirak ediblər.
Qeyd edək ki, stadionun tamaşaçı tutumu 23 888 nəfərlik olsa da, 5 478 yer də artırmaq mümkündür.

















































































