AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev əvvəlcə iclas barədə danışıb...
- Bir az öncə AFFA İcraiyyə Komitəsinin iclasında çox mühüm qərarlar qəbul edildi. AFFA-da Media Komitəsinin tərkibi təsdiqləndi. Bu komitə idman mediasına dəstək komitəsi olacaq. Böyük proqramlar həyata keçiriləcək, mətbuata qrantlar verəcək. Çalışacağıq ki, idman mediasının inkişafına təkan olsun. Bundan başqa Nizamnamədə dəyişikliklər oldu, vitse-prezidentlər seçildi. AFFA-nın vitse-prezidentləri eynilə qaldı. Rauf Məmmədov I vitse-prezident, Elşad Nəsirov vitse-prezident oldu, Elxan Məmmədovla müqavilə uzadıldı.
- Bölgələrdə futbolun inkişafı üçün hansı addımlar atacaqsınız?
- Bir neçə ildir bölgə futbolunun inkişafına dəstək layihələri həyata keçiririk. Regionlarda məşqlər və elit-turnirlər keçiririk. Bunun nəticəsində yeni nəsil yetişir. Amma Premyer Liqa klublarının bölgələrdən çıxması sponsorların yeri ilə əlaqədardır. İndi bölgələrdə də şirkətlər yaranır və tədricən bölgələrin Premyer Liqada təmsilçiləri də artacaq.
- Elmar Məmmədyarovun İcraiyyə Komitəsinə üzv olması ilə AFFA-nın daha da siyasiləşdiyini düşünmürsünüz?
- Minnətdaram Elmar Məmmədyarova ki, futbolun böyük azarkeşidir. Çox dedi ki, bunu belə edək, onu belə edək. Axırda dedim ki, bu qədər deməkdənsə, gəl, namizədliyini ver, AFFA İcraiyyə Komitəsinə üzvlüyünü ver. O da razılaşdı. Məmmədyarovun İcraiyyə Komitəsinə üzv olması futbolu sevməsindən irəli gəlir. Ümid edək ki, ona daha siyasi suallar verilməyəcək. Çalışıb futboldan suallar verərsiniz. Mən deməzdim ki, futbol siyasiləşib. Siyasiləşsəydi, gəlib üzv olmazdı".
- Klubların oyunçulara borcları yaranıb. Bu səbəbdən, FİFA-dan cəzalar verilir. Problemin həlli üçün nə təklif edirsiniz?
- Bəzi klublar qayda-qanunu oxumurlar. Birinci al-oxu, sonra da əməl et. FİFA-nın qəbul etdiyi qərarlar qanunidir və hamısına da əməl olunmalıdır".
- AFFA prezidenti seçkisində rəqibiniz yox idi. Bunu necə qarşıladınız?
- Rəqabətdən heç vaxt qorxmamışam. Kimsə namizədliyini verməyibsə, deməli, bu zülmü boynuna götürmək istəyən yoxdur".
- Sizə elə gəlmirmi ki, çempionatın səviyyəsi aşağı düşür?
- Klublarda maliyyə problemi hiss olunur. Amma dünyada heç bir yerdə işlər yağ-bal kimi deyil. Hər bir dövlətdə uzağı 4 klub irəli gedir. Qalanları az büdcə ilə dayanıqlı olmaq üçün çıxış edirlər. Amma çempionatın səviyyəsi düşməyib. Düşübsə, bunun birinci səbəbi tamaşaçıların azalmasıdır. Hamımız birgə çalışmalıyıq ki, azarkeşləri stadionlara gətirək. Futbolçular azarkeşləri stadionda görürlərsə, oyun səviyyələri də yüksəlir. "Kəpəz"in oyununa 23 min azarkeş gəlmişdi. Köhnə stadion idi, biz də kömək etdik. Maliyyələşmənin böyük hissəsi AFFA hesabınadır. Şəhər rəhbərliyi də kömək edir. Azarkeş dəstəyi səbəbindən oyun "Kəpəz"in oyun səviyyəsi də yüksəlib.
- Futbolsevərlər Birliyi nə vaxt yaranıb?
- Futbolsevərlər Birliyi 2004-cü ildən fəaliyyət göstərir. İlk rəhbəri Elşad Nəsirov olub. 2014-cü ildən isə Elmar Məmmədyarov qurumda təmsil olunur.
- "Neftçi"də baş məşqçi dəyişiklikləri barədə nə deyə bilərdiniz?
- "Neftçi"nin daxili işlərinə qarışmıram. Amma klublar məsləhət görərdim ki, məşqçi dəyişdirməyi minimuma endirsinlər. Klublar elə düşünürlər ki, bir günə inqilab olacaq. Məşqçi seçirsənsə, birinci düzgün seçim etməlisən. İkincisi də ona inanmalısan. Samir Əliyev kimi gənc mütəxəssis baş məşqçi təyin etmişdilər. Amma onu çıxardılar. Gərək davam edərdilər. Qurban Qurbanov da o vaxt gənc idi. Uduzanda demişdim ki, 200 oyun da uduzsa, çıxarmayacağıq.
- 17 yaşadək futbolçular arasında Avropa çempionatında millimizin şanslarını necə dəyərləndirirsiniz?
- Çalışacağıq ki, Avropa çempionatını ən yüksək səviyyədə keçirək. Azərbaycanda bütün idman yarışları ən yüksək səviyyədə keçirilir. Prezident İlham Əliyev 2 sərəncam imzaladı, hətta maliyyə yardımı ayırdı ki, çempionat ən yüksək səviyyədə keçirilsin. Bu gün Təşkilat Komitəsinin tərkibini təsdiqlədik. Mayın 5-də hamını açılış mərasiminə dəvət edirik. 8 apreldə Bakı Olimpiya Stadionunda püşkatma olacaq. Bundan sonra bütün idman tədbirləri Bakı Olimpiya Stadionunda olacaq. Komandamız güclüdür. Təbriz Həsənov çox yaxşı komanda hazırlayır. Məşqçilər Komitəsi və Robert Prosineçki də dəstək verir. Çalışacağıq ki, ilk oyunda millimiz yaxşı nəticə göstərsin.
- "Bakı" klubuna hansı dəstəyin göstərilməsi nəzərdə tutulub?
- Hazırda paytaxt klublarına kömək proqramı yoxdur. Çalışırıq ki, bölgə klublarına dəstək olaq. "Bakı"nın vəziyyəti ilə bağlı tapşırıqlar vermişəm. Baxacağıq, görək, hansı köməyi edə bilərik.