
Nazirlik rəsmisi Berti Foqtsun cavabını verdi
AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Sportnet.az-a müsahibəsi
- Millimizin son 2 oyununu izləməyə AFFA İcraiyyə Komitəsinin üzvü kimi getmişdiniz?
- Bəli.
- Yığmamızın oyunu Sizdə hansı fikirlər formalaşdırdı?
- Açığı, çox ağır oyunlar idi. Buna görə də əvvəldən bilirdik ki, komandamız böyük uğura nail ola bilməyəcək. Lakin Xorvatiya ilə qarşılaşma bizi çox məyus etdi. Komandamızın acınacaqlı məğlubiyyəti çox pis qarşılandı. Həm biz, həm rəhbərlik, həm də azarkeşlər tərəfdən. Xorvatiyaya 0:6 hesablı məğlubiyyət Azərbaycan xalqını məyus etdi. Xorvatların çox güclü olmasına şübhə yoxdur. Futbolçularımız da öz aralarında rəqibin yüksək texnika, fiziki və taktiki hazırlığa malik olmasından danışırdılar. Deyirdilər ki, biz belə komanda ilə oynamamışıq. Hətta Almaniya millisi ilə oyunumuz da belə çətin olmamışdı. Rəqib futbolçuların əksəriyyəti Avropanın aparıcı klublarında çıxış edirlər, onların qazandıqları ümumi gəlir 200 milyonu keçir, bu da öz-özlüyündə çox şeydən xəbər verir. Bizim böyük hesabla uduzmağımızın səbəbi millimizin qarşısındakı rəqibə müqavimət göstərmək imkanının olmamasıdır. Bu gün millimizin taktiki-texniki cəhətdən, fiziki baxımdan zəifliyi, rəqibə qarşı müdafiə sistemini qura bilməməsi oyunun bu hesabla başa çatmasına gətirib çıxartdı. Komandamız çalışdı ki, az top buraxsın, lakin buna müvəffəq olmadı. İkinci hissədə isə xorvatların, demək olar ki, qol vurmaq fikirləri yox idi. Xorvatiya istəsəydi, daha böyük hesabla uda bilərdi.
- Bəlkə Foqts fasilədə xorvatiyalı həmkarı Niko Kovaçdan xahiş edib ki, daha bəsdir, az qol vurun?
- Yox, bu fikirlə razı deyiləm. Onların heyətində adını bilmirəm, bir futbolçu var idi, 11 nömrəli futbolkada (Dario Srnanı nəzərdə tutur-red), hər dəfə əlinə top düşən kimi qol vurmağa çalışırdı. Öz oyunçuları da hətta ona ötürmə vermirdilər. Bilirdilər ki, gedib qol vuracaq (gülür). Gülməli olsa da, orda belə idi vəziyyət. O qədər sürətli idilər, o qədər texnikalı futbolçulardan ibarət komandadır ki, bizim futbolçuları çaş-baş salmışdılar. Futbolçularımız nəinki onların qarşısını ala bilirdi, heç onların arxasınca çata bilmirdilər. Bunun da səbəbi, təbii ki, milli komandamızın hazırlığının aşağı səviyyədə olmasıdır. Komandanın başında dayanan insan buna cavabdehlik daşımalıdır.
- Yaxşı, necə olur ki, Foqts bu vaxta kimi bu cavabdehliyi daşıya bilirdi, indi birdən-birə gücü çatmadı? Siz bir dənə oyuna görə belə qənaətə gəlirsiniz?
- Nəyi nəzərdə tutursuz siz? Demək istəyirsiz ki, yəni mən əvvəllər Foqtsun qalmasına səs vermişəm, indi getməsini istəyirəm?!
- Xeyr, o suala hələ keçməmişik. Sadəcə, demək istədiyimiz budur ki, bu vaxta qədər Foqts millidə 70 oyun keçirmişdi, həmin oyunlar sizdə xoş təəssürat yaratmışdı, indi bir oyundan sonra sizdə artıq mənfi fikirlər formalaşıb?
- Düzünü desəm, əvvəlki oyunlarda mən Azərbaycan millisinin dəfələrlə komplektləşmiş formada çıxışını izləmişəm. Elə Rusiya, Portuqaliyaya qarşı oyunları da misal çəkərdim. Bunlar da çox güclü komandalar idi. Lakin millimiz o komandalara qarşı, hesab edirəm ki, müvəffəqiyyətlə oynayırdı. Ya budəfəki oyunlara futbolçularımız hazır deyildilər, ya da ki, İtaliya, Xorvatiya milliləri həqiqətən də çox güclüdürlər. Onların güclü olmasına şübhə yoxdur, yayda dünya çempionatda bunun şahidi olduq. Mundiala vəsiqə qazanmaqla nəyə qadir olduqlarını sübut ediblər, dünyanın qabaqcıl futbol ölkələrindəndirlər.
- Bunlar hər halda nə İspaniyadırlar, nə də Almaniya. Hərçənd son 2 dünya çempionları da hazırkı seçmə mərhələdə uduzublar...
- Mən sizinlə razıyam, Almaniya Polşaya, İspaniya Slovakiyaya uduzdu. Yəni, bu, futboldur, hər şey ola bilər. Bu gün iddia etmək olmaz ki, Almaniya dünya çempionudur deyə, Xorvatiya onları uda bilməz. İtaliyanı deyə bilmərəm, razıyam, İtaliya çox da yüksək səviyyəli oyun nümayiş etdirmədi. Onlara xal lazım idi, onu da qazandılar. Amma Xorvatiya millisi aqressiv, sürətli futbol oynayır, elə ancaq qol vurmaq istəyir.
- Demək istəyirsiniz ki, komandamızın bu qədər zəif oynamasının səbəbi rəqibin səviyyəcə çox üstün olması idi?
- Tamamilə doğrudur. Mən deməzdim ki, bu gün Azərbaycan millisi heç yerə yaramır, heç kimə lazım deyil. Yox, sadəcə, millimizi xorvatlar belə oynamağa məcbur etdilər.
- Bəs onda belə bir komandaya qarşı yazıq Foqts neyləsin, günahını nədə görürüsünüz?
- Mən sizə deyim: Foqtsun bir dənə təqsiri var ki, özündən başqa hamıda günah axtarır. Hamını gühankar hesab edir. Azərbaycan çempionatı pis keçirilir, Azərbaycanda futbolçu yoxdur, nə bilim, futbolçuların fiziki hazırlığı yoxdur, oyunda özlərini apara bilmirlər və.s. kimi fikirlər səsləndirir. Bütün bunlar Foqtsun sözləridir. Əgər bunların hamısını görürdünsə, bilirdinsə, bəs onda niyə gələcək üçün planlar qururdun bu komanda ilə? Niyə Azərbaycan xalqının milli komandasına qarşı sən bu sözləri işlədirsən?
- Bunlar heysiyyata toxunan sözlərdir...
- Bəli, adama toxunan sözlərdir. Mən ondan narazıyam ki, bu adam təqsiri boynuna götürmür. 7 ildir sən burdasan, hansı futbolçunu hazırlamısan? Geridə qalan bu illər ərzində 20 futbolçu götürüb, alman sistemi ilə onların üstündə işləsəydin, onlar normal futbolçu olardılar. Mən buna görə narazıyam.
- Foqts birinci dəfə deyil ki, bu bəhanələri edir, bütün oyunlardan əvvəl və sonra tutuquşu kimi təxminən eyni ifadələri işlədir...
- Mən bilmirəm, onun rəsmi çıxışını indi eşitdim ondan. Guya, hamı günahkardır, bundan başqa. Gəmi batanda ən axırıncı kapitan tərk edir gəmini. Milli komanda da elədir. Bir çox hallarda görmüşük, komanda uduzur, baş məşqçi özü istefa verib gedir. Bu, ancaq belə məğlubiyyətlərdən sonra deyir ki, rəhbərliklə danışacağam, nə bilim, neyləyəcəyəm. Bu, etik sərhədlərə uyğun gəlmir. Bilirəm ki, milli komandamız zəifdir, amma baş məşqçi bunun günahını boynuna götürməlidir də. Durub onun-bunun üstünə atmaqla deyil ki... Rəşad Sadıqov kapitandır, üzr istəməsini də qəbul edirəm, futboldur, belə hadisələr olur. Burda hər kəsən öz payını götürməlidir. Demirik ki, bizim təqsirimiz yoxdur. Var, hamımızın günahı var. Lakin hər kəs öz məsuliyyətini boynuna götürüb danışmalıdır. Sən bilirsən ki, çempionat həftədə 2 dəfə yox, 1 dəfə keçirilir. Deyə bilərdin ki, bunu iki dəfə edin. Bunu danışmaq, müzakirə etmək lazımdır. Yoxsa hər şeylə razılaşıb oyuna gedir, axırda da bütün təqsiri boynundan atır. Şəxsən mən bunu qəbul eləmirəm.
- Bunu həm də bir nazirlik rəsmisi kimi deyirsiniz, yəqin.
- Bəli, istəyirsiniz rəsmi kimi, istəyirsiniz İcraiyyə Komitəsinin üzvü kimi qeyd edin. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri kimi belə deyirəm.
- Demək, həm də Gənclər və İdman Nazirliyinin mövqeyini ifadə edirsiniz...
- Bəli. Bu, Azərbaycan xalqına böyük bir iftiradır, ləkədir. Bunu nazirliyin adından da qəbul edə bilərsiniz.
- Belə başa düşürəm ki, nazir Azad Rəhimov da bu nəticədən narazı qalıb.
- Azad müəllimlə hələ görüşməmişəm. Amma əlbəttə, o da narazı qalıb. Bundan kim razı qala bilər ki...
- Xorvatiyada AFFA prezidenti Rövnəq Abdullayevin oyunu yarımçıq tərk etməsi ilə bağlı nə deyə bilərsiniz?
- AFFA, başda Rövnəq müəllim, baş katib Elxan Məmmədov olmaqla, inanın ki, futbolun inkişafına dair böyük işlər görürlər. Bunun canli şahidiyəm. İstəyirəm ki, bunu xüsusi qeyd edəsiniz. Rövnəq müəllimin Bakıdan Xorvatiyaya uçub oyuna baxmağa gəlməsi, tribunada əyləşib futbolçulara ürək-dirək verməsi, onun işinə diqqətlə yanaşmasının göstəricisidir. Oyunu yarımçıq tərk etməsinə gəlincə, üzr istəyirəm, bu, artıq Rövnəq müəllimin şəxsi işidir.
- Hər halda onun narazı qaldığını hiss elədiniz də... Yoxsa Bakıdan Xorvatiyaya gedən Rövnəq Abdullayev oyunu niyə yarımçıq tərk etməlidir ki?
- Başqa tribunada oturmuşdum, ona görə Rövnəq Abdullayevin getməyini mən görməmişəm. Yəqin ki, narazı qalıb.
- Bayaqkı söhbətə qayıtmaq istəyirəm. Siz əvvəldən Berti Foqtsa dəstək vermisiniz. Xorvatiya ilə oyundan sonra isə artıq tam əleyhinə fikirlər səsləndirirsiniz. Neft şirkətində oturanlar, federasiyaya ayda-ildə bir dəfə gələnlər ayrı. Amma idmanın içində olan bir şəxs kimi, sizin mövqeyinizi dəyişməyiniz birmənalı qarşılanmır...
- Mən bilmirəm, kimin hansı formada sözü var. Varsa gəlsin, oturub üzbəüz söhbət edək. Yəni, mənim doğrudan da Berti Foqtsa qarşı heç bir iddiam yox idi. Həmişə də onu dəstəkləmişəm. Müqaviləsinin başa çatdığı sonuncu tsikldə də dəstəyimi vermişəm. Ona görə ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində müəyyən qədər xal toplamışdı. Bu xallar da ondan qabaqkı illərdəki nəticədən yüksək idi. Məzmunlu oyun var idi. Ona görə həqiqətən də Foqtsla müqavilənin uzadılmasına məsləhətimi verib müdafiə etmişəm. Amma görünür ki, bizim qrupa düşən komandalar da elə bizim səviyyədə imiş. İndiki komandalar düşsəydi, bəlkə də elə onda biz məsələni həll edərdik. Mən bu gün yenə də onun iş fəaliyyətinə qarışmaq istəmirəm. Ancaq onun Azərbaycan futboluna olan münasibətinə fikir bildirirəm. Foqts azərbaycanda çox işlər görə bilərdi. Amma bu gün özü çıxıb deyir ki, mən özümü Azərbaycan futbolunda görmürəm. Sən görmürsənsə, qardaş, biz səni heç görmürük.
- Demək istəyirsiniz ki, Foqts təcili göndərilməlidir?
- Mən bilmirəm. Bunu hələ müzakirə edəcəyik. İcraiyyə Komitəsinin iclasında deyiləsi sözlər çox var. İnşallah, görüşər, danışar, fikrimizi bildirərik.
Elvin ƏHƏD