İspaniya "Real Madrid"inin azarkeşləri komandanın futbolçusu Qaret Beylin avtomobilinə hücum ediblər. Sportnet.az-ın AS nəşrinə istinadən məlumatına görə, insident "kral klubu"nun "El Klassiko"da "Barselona"ya 1:2 hesablı məğlubiyyətindən sonra baş verib.
Beyl stadiondan çıxarkən, azarkeş qrupu onun "Bentli"sinə yaxınlaşaraq, saxlamaq istəyiblər. Lakin dünyanın ən bahalı futbolçusu hadisə yerindən uzaqlaşa bilib. Bundan sonra fanatlar "Real Madrid"in digər futbolçusu Xesenin maşınını saxlayıblar. Hücumçu yan şüşəni endirərək, azarkeşlərlə danışdıqdan sonra evinə yollanıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 64 xala malik "Real Madrid" lider "Barselona"dan 4 geri qalır.