
Bakı 2015 I Avropa Oyunlarının məşəli alovlandırılıb. Sportnet.az-ın məlumatına görə, Suraxanıdakı "Atəşgah" mərasimində prezident İlham Əliyev, xanımı, "Bakı 2015"in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak edib.
Prezident İlham Əliyev çıxışında I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə 2012-ci ilin dekabrında tarixi qərarın qəbul edildiyini bildirib. O deyib ki, qısa müddət ərzində görülən işlər nəticəsində ölkəmiz "Bakı 2015"ə tam hazırdır. Dövlət başçısı buna görə Təşkilat Komitəsinə minnətdarlıq edib.
O ilk Avropa Oyunlarının məhz Azərbaycan paytaxtında təşkilini bir neçə amillə - idmançılarımızın uğurlu çıxışları, ən yüksək standartlara cavab verən idman, nəqliyyat, xidmət infrastrukturun yaradılması, beynəlxalq yarışların keçirilməsi, sürətli iqtisadi inkişaf və əhalinin bu qərarı böyük sevinc, qürur hissi ilə qarşılamaları ilə əlaqələndirib.
Dövlət başçısı qədim Atəşgah məbədində yandırılacaq məşəlin bütün ölkə ərazisini dolaşacağını xatırladıb. Sonda o, bütün yarış iştirakçılarına uğurlar arzulayıb.
P.Hikki isə ilk Avropa Oyunlarının artıq reallığa çevrildiyini söyləyib. Onun sözlərinə görə, "Bakı 2015" bütün Azərbaycanın böyük əməyi sayəsində baş tutacaq: "Qısa müddətdə görülən bu qədər işi heç çılğın arzularımızda da təsəvvür edə bilməzdik. Bakı isə bu ideyanı reallaşdırmaqla, böyük rekorda imza atdı".
Daha sonra prezident İlham Əliyev M.Əliyeva və P.Hikki ilə birgə I Avropa Oyunlarının məşəlini alovlandırıb.