
"Mən təqib qrupunda idim. Məqsədim liderlərdən geri qalmamaq idi. Amma öndəkilərin yorulduqlarını gördükdən sonra sürəti artıraraq, liderliyi ələ keçirdim". Sportnet.az-ın məlumatına görə, bunu "Tour d Azerbaidjan" veloyürüşünün III mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında İrlandiyanın "An Post - ChainReaction" klubunun üzvü Coşua Tomas Edmondson deyib.
O bildirib ki, son 2 gün ərzində səhhətində yaranan problemlər üzündən yürüş zamanı həkimlərə müraciət etdiyini bildirib: "Bir az hərarətim vardı. Ona görə dünən də, bu gün də həkimlərə yaxınlaşdım".
İlk 3 mərhələnin yekununda liderliyi ələ alan Sloveniyanın "Adria Mobil" klubunun üzvü Primoj Roqliç isə buna komanda yoldaşlarının köməyi sayəsində nail olduğunu bildirib: "Məqsədimiz liderliyi qorumaq idi. Ona görə də komandam mənə kömək etdi və bunu bacardıq".
İkinci dəfə mükafatçılar sırasına düşən Sloveniya klubunun daha bir üzvü Marko Kump "Tour d Azerbaidjan"ın yüksək səviyyədə təşkil olunduğunu açıqlayıb. O, yolların kənarında daha çox insanın olmasını da təqdir edib. Amma Kumpun fikrincə, bu mərhələdə yolların vəziyyəti əvvəlki mərhələ ilə müqayisədə o qədər də yaxşı olmayıb.
Azərbaycanın "Synergy Baku" klubunun üzvü, dağ mərhələsinin qalibi Aleksandr Surutkoviç isə II mərhələ ilə müqayisədə bu dəfə liderliyi əldən vermədiklərini vurğulayıb: "Ötən gün iki məsafədə finişi qazandıq. Lakin sonda qələbəni əldən verdik. Bu gün isə bizi izləyənlərlə fərqi artırmaq lazım idi ki, daha irəli çıxa bilək. Sevinirəm ki, sonda bu, alındı".