Xorvatiyanın "Hayduk" (Split) komandasında icarə əsasında çıxış edən Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanovun Sportnet.az-a müsahibəsi
- Çempionatı 3-cü pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazandınız. Hansı hissləri keçirirsiniz?
- Yalnız onu deyə bilərəm ki, çox şadam. Bütün kollektivi, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Bu nəticəni əldə etmək üçün klubun uğuru naminə çalışdıq.
- Bəs özünüz Avroliqada "Hayduk"un heyətində çıxış edəcəksiniz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Çünki qalıb-qalmayacağımı bilmirəm. İstənilən halda, "Hayduk"a uğurlar və Avroliqada layiqli çıxış edərək, qrup mərhələsinə vəsiqə qazanmasını diləyirəm.
- Rəhbərlik oyununuzu bəyənib-bəyənmədiyi barədə Sizə bir söz deməyib?
- Mənim "Hayduk"la müqaviləm iyunun 15-də başa çatacaq. Rəhbərlik mənimlə əməkdaşlığı davam etdirmək istəyir. Amma mən burada az oynayıram ki, bu da məni çox narahat edir. Ona görə də anlaşmanı uzatmağa hələlik razılaşmıram. Digər variantlarım da var. Xorvatiyada mənə çətindir. Viza problemi ilə əlaqədar ailəm də yanımda deyil. Dini baxımdan da çətinliklər var. Buna görə də hələlik karyeramı harada davam etdirəcəyimi müəyyənləşdirməmişəm. İlk növbədə, "Neftçi"yə gələcək, rəhbərliklə danışacaq və sonra gələcəyimi müəyyənləşdirəcəyəm.
- Təkliflər haradandır: Azərbaycandan, yoxsa xaricdən?
- Həm xaricdən, həm də Azərbaycandan. Amma hələlik bu barədə heç nə deyə bilmərəm. Çünki "Neftçi" ilə bir il müqaviləm var. Yığmanın heyətindəki oyunlardan sonra Bakıya uçacaq, "Neftçi" rəhbərliyi ilə danışıqlar apararaq, qərar verəcəyəm.
- Yeri gəlmişkən, "Neftçi"nin Premyer Liqadakı çıxışı və Azərbaycan Kubokunun finalında "Qarabağ"la keçirəcəyi oyun barədə nə deyə bilərsiniz?
- Mən yalnız uğurlar arzulaya bilərəm. "Neftçi" çempionatı uğursuz keçirdi. Kuboku qazanması bu uğursuzluğu əvəzləyə bilər. Amma unutmayaq ki, "Qarabağ" çox güclüdür və "qızıl dubl" etmək istəyir. Bu, bir oyundur və hər biri qalib gələ bilər. Çox maraqlı oyun olacaq. Hətta deyə bilərəm ki, Azərbaycanın iki ən güclü komandasının derbisi keçiriləcək. Amma ümidvaram ki, "Neftçi" qalib gələcək, yeni rəhbərliyi, azarkeşləri və "Neftçi"nin uğurları naminə çalışan bütün əməkdaşlarını sevindirəcək.
- Siz oyunu izləyə biləcəksiniz?
- Xeyr, mən yığmanın tərkibində Serbiya və Norveçlə görüşlərə hazırlaşacağam. Təlim-məşq toplanışımız iyunun 1-də başlayacaq. Həmin gün mən Xorvatiyadan Avstriyaya uçaraq, yığmaya qoşulacağam.
- Millinin qarşıdakı oyunlardan nə gözləyirsiniz?
- Serbiya Norveç kimi güclü komandadır. Amma biz Osloya məğlubiyyət üçün getmirik. Uduzmamaq üçün sonadək mübarizə aparacaq və qələbə üçün bütün gücümüzü qoyacağıq. Bəli, çətin olacaq. Amma bu, futboldur. Uğur bizim tərəfimizdə olsa və imkanlarımızdan yararlansaq, müsbət nəticəyə nail olacağıq. Serbiya ilə oyun isə Norveçlə qarşılaşma öncəsi sınaq xarakteri daşıyacaq. Serbiya heyətinə görə güclüdür. Aparıcı komandalarda çıxış edən bütün güclü futbolçular burada cəmləşib. Uduzmamaq üçün mümkün hər şeyi edəcəyik. Belə matçlar yalnız xeyrimizə işləyəcək.