Cənubi Koreyanın paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 80-ci Konqresi çərçivəsində qurumun Avropa üzrə təşkilatının (AİPS Europe) İcraiyyə Komitəsinə (İK) seçki keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov İK üzvlüyünə yenidən seçilə bilməyib.
Beləliklə, o, 2010-cu ildən təmsil olunduğu rəhbərlikdə növbəti müddət ərzində yer almayacaq. E.İsmayılov Sportnet.az-a açıqlamasında cüzi səslə seçilə bilmədiyini söyləyib: "Keçən seçkidə Almaniya, Polşa, İrlandiya və s. ölkələrin nümayəndələri keçə bilmədilər, mən keçdim. İndi AİPS Europe İK-da Böyük Britaniya, Almaniya kimi böyük dövlətlər də təmsil olunmurlar. Burada qeyri-adi bir şey yoxdur. 2010 və 2014-cü illərdə seçilmişdim. Əslində seçki 4 ildən bir keçirilir. Amma ötən tərkib 3 il işlədi. Bunu AİPS-in və AİPS Europe-nin Hesabat-Seçki Baş Assambleyalarının eynı vaxta düşməsi üçün etdilər. Həm də budəfəki seçkidə AİPS prezidentinin açıqlamaq istəmədiyim bəzi antidemokratik addımları da oldu".
E.İsmayılovun sözlərinə görə, seçki zamanı AİPS Europe-nin seçki bülletenləri adi karton qutuya (ərzaq tarasına) atılıb: "3 nəfər hesablama komissiyası üzvünün biri formal iştirak etdi, biri bülletenlərdə kimlərə səs verildiyini tək özü diktə etdi, biri də yalnız onun dediklərini faktiki olaraq bülletenlərə baxmadan qeyd etdi. Mən 33 ölkədən 22 səs topladım, səs verdiyim rumıniyalı isə mənə səs vermədi və məndən 1 səs artıq (o da mənim verdiyim) səslə keçdi. Polşalı nümayəndə (yatıb seçgiyə gəlmədi) gəlsəydi, mən keçəcəkdim. Mənzərə budur. Digər tərəfdən, AİPS Europe-yə seçki indiyədək Avropa ölkələrindən birində keçirilib. Amma bu dəfə Avropadan kənarda - Asiya qitəsində təşkil olundu. Bunların hamısı AİPS prezidenti Canni Merlonun istəyi və müdaxiləsinin nəticəsidir".
Qeyd edək ki, AİPS Europe İK maltalı prezident Çarlz Kamenzuli ilə birgə 12 nəfərdən ibarətdir. Təşkilatın 48 ölkədən üzvü var ki, bunlardan biri də AİJA-dır.