Koronavirus xəstəliyi ilə əlaqədar yeni iddia ortaya çıxıb.
Sportnet.az-ın məlumatına görə, "Le Figaro" nəşri 2019-cu il 18 - 28 oktyabrda Çinin Uhan şəhərində keçirilmiş Hərbçilərin VII Dünya Oyunlarında bir neçə iştirakçının COVID-19-a yoluxduğunu yazıb.
Bu xəstəlik ilk dəfə ötən ilin dekabrında məhz Uhanda üzə çıxıb. Fransa nümayəndə heyətinin bir neçə üzvü isə Oyunlardan qayıtdıqdan sonra oxşar simptomlarla xəstəlik keçirdiklərini bildiriblər. Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış beşnövçü Elodi Kluvel bildirib ki, hərbçilərin yarışında fransalı nümayəndələrdən bir çoxu eyni vaxtda xəstələnib: "Bu yaxınlarda komandamızın həkimi ilə danışdım. O, çox güman ki, koronavirusa yoluxduğumuzu söylədi".
Belə açıqlamalara cavab olaraq, Çində ehtimallar yaranıb ki, virusu Uhana digər ölkələrin idmançıları gətirə bilər.
Fransa Müdafiə Nazirliyi isə həmin vaxt koronavirus barədə heç nəyin məlum olmadığını, 20 nəfərdən ibarət komanda həkimlərinin isə COVID-19-u xatırladan simptomları qeydə almadıqlarını bildirib. Lakin "Le Figaro" nümayəndə heyətinin sərəncamında lazımi səviyyəli həkimlərin və virusu üzə çıxarmaq üçün vasitələrin olmadığını vurğulayıb.