Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə dünyanın ən həyəcanverici drift seriyası olan “Red Bull Car Park Drift” çempionatı keçirilib.
Sportnet.az xəbər verir ki, Dənizkənarı Milli Parkda, Bakı Kristal Zalının parklanma ərazisində baş tutmuş yarışı gənclər və idman naziri Fərid Qayıbovla federasiya prezidenti Anar Ələkbərov da izləyib.
Əvvəlcə ən yaxşı drift nümayiş etdirən 16 iştirakçı Milli Final mərhələsinə yüksəlib. Onlar çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət ediblər. Maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, driftinq məharətlərini sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi tapşırıqları yerinə yetirən iştirakçılar yarış boyu münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışıblar.
Yekunda isə qalib adını Adil Axundov qazanıb. O, dekabrda Səudiyyə Ərəbistanda keçiriləcək “Red Bull Car Park Drift” dünya çempionatında Azərbaycanı təmsil edəcək. Mundiala 25 ölkə qatılacaq. Pərviz Əzizov 2-ci, Rauf Dadaşzadə 3-cü yeri tutub. Onları Qayıbovla Ələkbərov mükafatlandırıb.
“Red Bull Car Park Drift” yarışının hazırki iştirakçıları dünyaşöhrətli livanlı driftçi Abdo Feqalidən ustad dərsləri alıblar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən A.Feqalinin adı “Ginnesin Rekordlar Kitabı”na salınıb. O, həmçinin, 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibi olub. Feqali bugünkü tədbirdə də bacarığını nümayiş etdirib.