İspaniyanın Pontevedra şəhərindəki U-23 dünya çempionatının 5-ci yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün Əliyev sabah ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.
Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb – 8:1. Gənclər arasında dünya çempionu 1/8 finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub – 4:5. Rəqib finala yüksəldiyi üçün Heybətov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb.
Heybətov bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetov 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabı ilə məğlub olub.
İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb – 10:0. O, daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub - 2:10. İlyasov bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliyə 7:0 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.