İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu və baş məşqçisi Toni Buk vəfat edib.
Sportnet.az-ın məlumatına görə, keçmiş mərkəz müdafiəçisi 90 yaşında dünyasını dəyişib.
Buk "şəhərlilər"in heyətində 1966 - 1974-cü illərdə forma geyinib. O, 315 oyuna 5 qol vurub, 1967/1968 mövsümündə çempionluq, 1968/1969 mövsümündə ölkə kuboku, 1969/1970 mövsümündə Liqa Kuboku və UEFA Kuboklar Kuboku, 1968 və 1972-ci illərdə ölkə Super Kubokunu qazanıb.
Mərhum futbolçu 1974 - 1979-cu illərdə "Mançester Siti"nin baş məşqçisi olub və daha 4 dəfə bu vəzifəni müvəqqəti icra edib. 1975/1976 mövsümündə o, klubu Liqa Kubokunun qalibi edib. Nəticədə Buk bu kuboku həm oyunçu, həm də baş məşqçi kimi qazanan ilk şəxs kimi tarixə düşüb.