I Liqada mübarizə aparan “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, o, əvvəlcə yaxın və gələcək planlardan söz açıb:
- "Mingəçevir"i seçməyinizin xüsusi səbəbləri varmı?
- Mənə bir neçə bölgə adı təqdim olunmuşdu. İlk gündən Mingəçeviri bəyənmişdim. Tural Priyevlə bir gün ərzində 800 kilometr məsəfə qət edib o bölgələrə baş çəkdik. Özüm bakılıyam, amma regiona üstünlük verdim. Çünki biz regionda cavan kadrlar götürürük, ordan bəhrələnirik. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridi. SSR-nin zamanında orda Olimpiya bazası olub. Xarici ölkələrdən çox uşaq gəlib və hazırda da var. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Orda 10 və 15 nömrəli məktəblərlə də tərəfdaşlıq edəcəyik. Çünki uşaqların futbolla yanaşı təhsili də buraxmaması vacibdi.
- "Mingəçevir" klubunun qısa və uzunmüddətli hədəfləri nə olacaq?
- Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, 1-ci liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddi. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, premier-liqada çıxış etmək bizim üçün ən böyük uğur olar. Hazırda bazamız yoxdu və tələsik iş görmək də istəmirik. Bazanı düzəldək, infrasktrukturu düzəldək. Marcet Akademiyasından ilk 20 nəfər qayıtsın və biz onlarla daha uğurlu davam edək. İki il müddətdə biz milliləşdirilmiş kadrları öz yetirmələrimizlə əvəz edərək premyer-liqaya qalxacağıq.
- İnfrastrukturla bağlı qarşıya qoyduğunuz əsas hədəflər nədi?
- Yeni baza yaratmaq, meydançaları bərpa etmək istəyirik. Əlavə 3 meydança və akademiya yaradacağıq. Həmçinin orda tennis Akademiyası da açacağıq. Uşaqları tək futbola deyil, idmana cəlb etmək istəyirik. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidir. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq. Marcet Akademiyasının təlimlərini Mingəçevir şəhərinə salmaq və burada hər il 4-6 toplanış keçirmək planlaşdırılıb. Bu təlimlər tək o şəhəri deyil bütün Respublikanı əhatə edəcək. Akademiyadan uşaqları xaricə göndərmək fikrindəyik. Çünki bizdə hər il 15-20 nəfəri İspaniya və Barselonaya Marcet Akademiyaya göndəririk. Həm təlim kursları, idmanla məşğul olmaq, həm də təhsil alacaqlar. Orda 6 ay müddətində ispan dilini öyrənir və ispan dilli məktəblərə qəbul olurlar. İdman və təhsil parallel aparılır. Azərbaycana yeni kadrlar hazırlamaq istəyirik. Çünki idmanın ömrü çox qısadı. Ondan sonra idmançı və Agentlikdə təlimçi kimi fəaliyyət göstərsinlər. Çünki dil biliyi olan kadrlar da yetişdirib Azərbaycana qaytarmaq, bəzilərini isə Avropa klublarına qazandırmaq niyyətindəyik.
- "Mingəçevir" Azərbaycan I Liqasında hazırda sonuncu sıradadı. Uğursuzluqdan qurtulmaq üçün hansı addımları atacaqsınız?
- Bəli, komanda hazırda 1-ci liqada sonuncu sıradadı. Amma oradan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, 1-ci liqada yerimizi qalacağımıza inamımız böyükdü. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdi. Önümüzdəki oyunlarda çox fərqli “Mingəçevir” görəcəksiniz.
- Yeni baş məşqçinin Füzuli Məmmədovun olacağına dair xəbərlər dərc olunur. Seçimi nəyə əsasən etdiniz?
- Bəli, baş məşqçimiz Füzuli Məmmədovdu. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, görüşdük. Füzuli müəllimin PRO kateqoriyası var və çox peşəkardı. Özümün opna böyük ümidləri var. Hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdü. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq, fikirlərimiz də üst-üstə düşür. Komanda bir ailə kimidi, birgə işləməliyik. Stadionun direktorundan mühafizəçiyə qədər hamı bir ailə kimi olmalıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar.
- Gələcəkdə komandanın daha tanınmış yerli və ya əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulubmu?
- Əvvəlcə qeyd etməliyəm ki, Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdi. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündü. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər.
- Yeni baza və akademiya tikmək istədiyinizi deyirsiz. Kür ətrafında məskunlaşan məcburi köçkünlərin taleyi necə olacaq?
- Onları evlə təmin edib o ərazilərdə Akademiya tikiləcək. Regionlardan uşaqları yığıb orda yerləşdirəcəyik. Bosketbol, voleybol və futbol oynayan uşaqları bir araya gətirəcəyik. Futbolçu tək futbolla deyil hamısı ilə kompleks məşğul olacaq.
- ASTA fəaliyyətini Mingəçevirdə yoxsa Bakıda davam etdirəcək?
- Bakıda fəaliyyət göstərəcək. Həm də təlim-bazası Mingəçevirdə olacaq. Bakıda isə 10-11-13 yaşlı uşaqlar məşq keçir. Onları iki sonra Barcelonaya göndərmək istəyirik. Biz həmin seçimlər üçün hər il 75 nəfərə yaxın uşaq toplayırıq. Marcet Akademiyasının vitse-prezidenti Karlos və baş məşqçiləri gələrək seçim edirlər. Seçim zamanı uşaqların üzərində sadəcə rəqəm olur. Ad və soyad anonim saxlanılır, onlar sadəcə oyunçu görür. Bir həftə burda təlim keçir, Barselonada qeydlərini və nömrələrini bizə göndərirlər. Seçim təmiz və heç bir müdaxilə olmadan şəffaf aparılır.
- Digər idman növləri olacaqsa, “Mingəçevir” FK yerinə İK olacaq?
- Futbol klubu olaraq qalır. ASTA-nın fəaliyyəti çox genişdi. Tərkibində 5 idman növü var. Hər idman növünün öz federasiyası var. Biz gələcəkdə ASTA-nı cəmiyyət kimi böyütmək istəyirik. Futbol planlarımızı yekunlaşdırdıqdan sonra bu işləri də görəcəyik.
- Qeyd etdiniz ki, 2 il sonra elitaya yüksəlməyi qarşıya hədəf qoymusuz. 3 il sonra biz “Mingəçevir”i həm büdcə, həm də iddia olaraq “Neftçi” və “Qarabağ”a rəqib görə bilərikmi?
- Fikrimiz rəqib olmaqdı. Premyer-liqaya yüksəlmək əsas hədəfdi. Daha sonra isə milliyə futbolçu bəxş etmək niyyətindəyik. Maliyyə tərəfindən dəstəkləməyə çalışırıq. Bizim imkanlarımız çatır. Çıxdığımız yolda qalib olmaq istəyirik. Bizim devizimiz belədi ki, ya qalib olmalısan, ya da o işin arxasınca getməməlisən. Hər idman növündə risk var. Sağlam ailə mühiti qura biləndə isə risk azalır. Çalışırıq problemləri ortadan götürək. Gözləntimiz çoxdu. Yerli kadrlar yetişdirmək və futbolçularımızı Avropaya çıxarmaq istəyirik.