
“Azərbaycan futbolunda son on ildə ən çox inkişaf edən mövqe yerli məşqçilərdir”.
Sportnet.az xəbər verir ki, bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport” telekanalında yayımlanan “90 dəqiqə” verilişində deyib.
Mütəxəssis futbolumuzda son illərdə yerli məşqçilərin sayının artdığını vurğulayıb: “Qurban Qurbanovu o siyahıya salmadan Samir Abasov, Ayxan Abassov, Aftandil Hacıyev, Elmar Baxşıyev, Cavid Hüseynov, Vaqif Cavadov, Azər Bağırov, Adil Şükürov kimi son illərdə uğurlu nəticələrə imza atan məşqçilərin adını çəkə bilərik. Bu gün onların əlində olan imkanlarla bizim çempionatımızda gəlib-gedən məşqçilər həmin performansı göstərə bilərdimi? Məsələn, bu gün bir legioner məşqçi gəlib Ayxan Abbasovun mövcud imkanlarla “Turan Tovuz”da, “Sumqayıt”da, “Şamaxı”da göstərdiyi işi göstərsə, deyərəm ki, mən futboldan anlamıram. Yaxud da Cavid Hüseynovla Azər Bağırovun “Kəpəz”də və “Səbail”də əllərində olan imkanlarla göstərdiyi nəticələr məni çox təəccübləndirir. Biz səfərdə “Kəpəz” üzərində 4:0 qələbə qazandığımız oyunda 90 dəqiqə onlar bizə pressinq elədilər. Birinci hissədə mərkəzi keçə bilmirdik. Hesab 3:0 olanda belə komanda dayanmırdı. Bu məqamlara qiymət vermək lazımdır”.
Onun sözlərin görə, mətbuatda tez-tez məşqçilər tənqid olunur: “Biz bu gün son altı-yeddi ildə yüksək səviyyəyə gələn 10-15 yerli futbolçu saya bilmərik, ancaq məşqçi adları çəkə bilərik”.
Sadıqov Premyer Liqada komanda sayının artırılmasına da münasibət bildirib: “Bu qərarı gözləmirdim, düzü sevinmədim. Çempionatımız indi-indi oturuşmuşdu. Son iki ildir ki, ciddi rəqabət gedirdi. Bu rəqabətin təsirini avrokuboklarda oynayanda daha yaxşı hiss edirik. Biz “Zirə” olaraq keçən il o rəqabətli çempionatdan çıxmasaydıq, “Osiyek”lə, “Şerif”lə mübarizə apara bilməzdik. İki il qabaqkı “Zirə” ilə bu yay olan komanda arasında böyük fərq var. Bunun da başlıca səbəbi çempionatdakı rəqabətdir”.