
“Məncə, elə şəraitdə oyunları ertəsi günə deyil, başqa boş tarixə keçirmək daha yaxşı olar. Amma bir daha belə vəziyyətlərə düşmək istəməzdim”.
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Kəpəz”in kapitanı Yeqor Xvalko Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
28 yaşlı futbolçu qarlı hava şəraitinə görə 1 gün ertələnən matçla əlaqədar komandasının yaşadığı çətinliklərdən danışıb: “Ağır və gərgin qarşılaşma oldu. Çox güc sərf etdik, təəssüf ki, uduzduq. Yolumuza davam edirik. Çətinliklərə gəlincə, hər şey baş məşqçimiz Azər Bağırovun dediyi kimi oldu. Fevralın 21-i səhər məşq etdik, ertəsi gün məşq Bakıda olmalı idi. Amma hava şəraitinə görə meydanda yox, fitness zalında məşq etdik. Fevralın 23-də isinmək üçün meydana çıxmışdıq, amma oyun ayın 24-nə təxirə salındı. Səhəri gün matç saat 16:00-da başlamalı idi. Stadiona gedirdik, amma yolun yarısında bizə dedilər ki, oyun saat 18:00-da olacaq, sonra bir saat da təxirə salındı. Nəticədə oyundan əvvəl üç gün məşq etmədik. Oyun zamanı meydana çıxdıq, əlimizdən gələni etdik. Amma bu, futboldur. “Zirə”nin işçilərinə xüsusi təşəkkür düşür. Meydanı belə şəraitdə, deyərdim, ən yüksək səviyyədə hazırladılar. Bu, yəqin ki, qaydalara uyğundur. Turnir təşkilatçıları üçün yaxşı təcrübə oldu”.
Lakin təcrübəli müdafiəçi fevralın 28-də "Neftçi"yə qarşı Bakıda keçirəcəkləri Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmasında yorğunluq olacağını düşünmür: “Zirə" ilə matçdan sonra səhərə yaxın - saat 4:30-da evə çatdıq və nahardan sonra bir toparlanma məşqçi keçə bildik. Hazırlaşmaq üçün iki günümüz də var. Çox sıx oynamırıq, üç gündən bir matçımız olur. Bu səbəbdən, “Neftçi” ilə oyunda yorğunluq olacağını sanmıram. Futbol bizim işimizdir. Bunu yorğunluqdan asılı olmayaraq, etməli və ən yaxşı görməyə çalışmalıyıq. Oyun bitənə qədər müsbət nəticəyə ümid etmək lazımdır və biz də buna çalışacağıq”.
Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.