
“Səbail” komandası futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub. Qarşılaşmanın ardından “Səbail”in kapitanı Rüfət Abdullazadə Teleqraf-a müsahibə verib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi həm qarşılaşmanı dəyərləndirib, həm də yığmaya dəvət almamasına münasibət bildirib:
- Xal qazanmaq üçün nə çatmadı?
- İkinci qol. İrəli atılmışdıq, amma bərabərlik qolunu vura bilmədik. Şansımız da gətirmədi.
- Verilməyən penalti epizodu barədə nə deyərdiniz?
- Baş hakim də əvvəlcə bildirdi ki, penalti var. Toxunuş vardı, amma epizodun başlanğıcında ofsayd olduğu qənaətinə gəldilər. Həmin epizodu izləməmişəm. Yəqin ki, düzgün qərar verilib.
- ”Neftçi” "Səbail"i daha yaxşı analiz etmişdi, yoxsa komandada ruh düşkünlüyü var?
- Ruh düşkünlüyü olduğunu deməzdim. Çünki qələbə qazanmaq istəyirik. Sonuncu pillədəyik, hamı bu məsuliyyəti dərk edir. İlk yarı bir az çətin oldu. Amma ikinci hissə bizim üçün daha üstün keçdi. Təhlükəli vəziyyətlər yaratsaq da, onlardan yararlana bilmədik.
- Növbəti turda ”Kəpəz”ə qarşı oynayacaqsınız. Aradakı 5 xallıq fərq sizdə hansı narahatlıq yaradır?
- Təbii ki, biz də bunu dərk edirik. Amma heyətimiz digər komandalardan aşağı səviyyədə deyil. Sadəcə, bu mövsüm şans bizdən üz döndərdi. Xal qazanmalı olduğumuz oyunlarda uduzduq, bəxtimiz gətirmədi. “Kəpəz”lə oyunda da qələbə qazanıb fərqi azaltmaq istəyirik.
- Cavid Hüseynov iddialı danışırdı. O, siz futbolçularda nəyi dəyişdirə bildi?
- İnkişaf hiss olunur. Mən özümdə də inkişaf hiss edirəm. Amma bunun üstünə daha da qoymalıyıq. Görünən odur ki, bu, bizə bəs etmir. Daha çox çalışıb, nəticə qazanmalıyıq ki, xallarımızı artırıb, yuxarı pillələrə yüksələk.
- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanız üçün nə dərəcədə faydalı olacaq?
- 15 gün vaxtımız var. Əlimizdən gələni edərək bu vəziyyətdən çıxmalıyıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Millinin Haiti və Belarusla yoldaşlıq oyunları üçün toplanışa dəvət almamağınız sizin üçün də gözlənilməz oldumu?
- Düzü, çağrılacağımı gözləyirdim. Dəvət almaq istərdim, amma millinin toplanışları həmişə olur. Özümü daha yaxşı tərəfdən göstərib, növbəti toplanışlara dəvət almağa çalışacağam.
- Millidən kənarda qalmaq sizə necə təsir edir?
- Mən peşəkar futbolçuyam. Çağrıldım və ya çağrılmadım, işimi görməli, meydanda öz oyunumu göstərməliyəm. Təbii ki, millinin şərəfini qorumaq hər bir azərbaycanlı futbolçunun istəyidir. Amma çağrılmadımsa, digər toplanışlarda dəvət alacağıma inanıram.
- Yəni, öz üzərinizdə daha çox işləmək ehtiyacı duyursunuz?
- Təbii ki, öz üzərimdə daha çox çalışacağam. Çünki yığmanın növbəti toplanışında yer almaq istəyirəm.