
Azərbaycan milli komandasının sabiq futbolçusu Dmitri Kramarenko Rusiyanın "Sport24" saytına geniş müsahibə verib.
Sportnet.az xəbər verir ki, hazırda Rusiyanın MOİK klubunun qapıçılar üzrə məşqçi kimi çalışan 51 yaşlı mütəxəssis Azərbaycanla bağlı fikirlər də səsləndirib:
- Azərbaycan millisindən əvvəl Rusiyanın gənclərdən ibarət yığmasında meydana çıxmısınız. Çətin seçim idi?
- Sovet İttifaqının dağılma vaxtı idi. İqnatyev və Papayevin rəhbərliyi altında gənclərdən ibarət komandalardan keçdim. Sonra pasportumla bağlı anlaşılmazlıq oldu və mən Rusiyada oynamağa başladım. Qərarımı 1996-cı ildə verdim, o zaman ki, artıq hər şey qaydasına düşmüşdü, bütün respublikalar ayrılmışdı. Həmin an hiss etdim: Azərbaycanı seçmək lazımdır.
- Çünki orada oynamaq daha asandır?
- Xeyr. Bura mənim vətənimdir, mən Azərbaycanda böyümüşəm, futbolçu karyerama burada başlamışam və 1992-ci ildə atam Sergey Kramarenkonun rəhbərliyi altında “Neftçi” ilə Azərbaycan çempionu olmuşam. Baxmayaraq ki, elə həmin vaxt mən üç il idi ki, Moskvada yaşayırdım.
- Sovet dövrünü necə xatırlayırsınız?
- Çox isti, həqiqətən rahat. Xüsusilə hazırda dünyada baş verənlər fonunda.
- İsti olan nə idi?
- Ən çox sevdiyim şəhər olan Bakıdan başlayacağam. İttifaqın ən beynəlmiləl şəhərlərindən biridir. Mən oranı çox sevirəm. Bu gün də Azərbaycan paytaxtında rus məktəbləri, rus mədəniyyəti, abidələri var.
SSRİ-nin harasına getsəm, məni isti qarşılayırdılar: Moskvada, Kiyevdə, Tbilisidə, Minskdə. Gənclər komandası ilə səyahətə çıxanda hər yerdə xoş qarşılanırdım. Qətiyyən heç bir pislik və millətlərarası qarşıdurma yox idi. Bir anda hər şey alt-üst oldu. Amma 1986-cı il, Baltikyanıları xatırlayıram. 12 yaşım var idi və valideynlərimlə kafeyə getmişdim. Ofisianta üç-beş rubl pul qoyduq - axı, atam qafqazlıdır, bunu etməyə məcburdur. Daha sonra bir qadın arxamızca küçəyə çıxaraq “Pulunuzu unutmusunuz!” dedi. Atam isə gülümsəyərək “Bu sənin üçündür, hər şeyi çox bəyəndim, çox dadlı idi. Sağ ol” cavabını verdi.
SSRİ çempionatı ən güclülərdən biri idi. Həmişə maraq var idi, tribunalar hər yerdə dolu olurdu. Götürək Qafqazdan Bakı, Tbilisi və İrəvanı... O qədər Ukrayna komandaları var idi ki! Və hamısı da spesifik. Səfərdə kimdənsə xal almaq çətin idi. Xaricilər yox idi, amma hər yerdə güclü futbolçular var idi.
- Özünüzü azad hiss edirdiniz?
— Hələ sovet dövründə, 1990-cı illərin əvvəllərində biz nəinki Bolqarıstanda, hətta İtaliyada keçirilən turnirlərə də asanlıqla gedə bilirdik. Xaricdə baş verən hər şeyi görürdük. "Coka-Cola", cins şalvar - hər şey təəccüblü idi. Ancaq üstünlükləri çox idi. Uşaqlar mənə tez-tez "Sergeyeviç, o vaxtlar belə qurğular yox idi. Sən nə edirdin?" soruşurlar. Həyətdə futbol və hokkey oynayırdıq. Bakıda qar yox idi, amma biz asfaltda tennis topu ilə hokkey oynayırdıq. Gizlənqaç, "kazaklar və quldurlar" kimi əyləncələrimiz var idi, qarajların üstündən tullanırdıq.
90-cı illərdə atam dedi: “İndi Avropaya gedirlər, oradan təklif gəlsəydi, bəlkə o vaxt razılaşardım”. Deyirəm, ata, səndə olan vətənpərvərliyə görə heç vaxt xaricə getməzdin.
- O, doğrudanmı vətənpərvər idi?
- Həqiqətən. Məhz Bakını çox sevirdi
- Vikipediada deyilir ki, nənəniz Şuşadandır.
- Bir dəfə mənə oxumağım üçün Vikipedia səhifəmi vermişdilər, orada da yazılmışdı ki, mən Lənkəranda anadan olmuşam. Əsl cəfəngiyat! Nənəmlə babam Kirovabaddandır (red - indiki Gəncə), atam da oradandır. Anam da uzun müddət orada yaşayıb. Onların uzun bir romantik tarixçəsi var. Anam əlaçı olub. Bakıda rus dili və ədəbiyyatı müəllimi işləyirdi. Atam sözün yaxşı mənasında xuliqan idi. O, yaxşı şagird deyildi, amma altıncı sinifdən birlikdə idilər. Anam ona oxumağı və saymağı öyrədib. İki fərqli insan bir araya gələrək uzun və xoşbəxt həyat yaşadı.
- Özünüzü azərbaycanlı, yoxsa rus kimi hiss edirsiniz?
- Bakılı.
- Bakıda doğulduğunuzu bilirəm.
- Rus da, azərbaycanlı da, gürcü də bakılı ola bilər. Atam rus, anam yarı rus, yarı azərbaycanlı müsəlmandır. 30 ildən artıqdır ki, Moskvadayam. Valideynlərim burada dəfn olunub, böyük bacım və qardaşımın oğlu burada yaşayır. Həyat yoldaşım və uşaqlarım da buradadılar. Onlar rusdur, mən yarı rus hesab olunuram. Rusiyanı ikinci vətənim hesab edirəm.