
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Monteneqro ilə yoxlama oyununa qüsurlu geyimlərlə çıxıb.
Sportnet.az-ın xəbərinə görə, bəzi oyunçuların formalarının arxa hissəsində Azərbaycan bayrağının təsviri olmayıb.
Bunu AFFA-nın rəsmi saytında paylaşılan fotodan da görmək mümkündür.
Onsuz da Azərbaycanın üçrəngli bayrağını özündə tam əks etdirməyən formanın milliyini yalnız boyun hissədəki bayraq müəyyən mənada sübuta yetirirdi. 21 yaşlıların geyimində isə bayraq təsviri olmayıb. Bu isə AFFA rəhbərliyinin ya səhlənkarlığı, ya da milli atributlara hörmətsizliyidir.
Qurumun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli isə Teleqraf-a açıqlamasında bildirib ki, bayraq öncədən millinin formasında olub. Lakin oyunun gedişində bəzi futbolçuların formalarından bayraq qopub düşüb.
"Bayraq yaxşı yapışdırılmayıb, ya nədəndirsə, belə hal baş verib", - o vurğulayıb.
Xəbəri ilk olaraq, idmanxeber.az yayıb.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşdə Azərbaycan millisi Monteneqro ilə qolsuz heç-heçə edib. Oyundan sonra iki komandanın futbolçuları arasında əlbəyaxa dava düşüb.