
"Əsas millidə ehtiyatda oturmaqdansa, ən yaxşısı U-21-də oynamaqdır".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov Azərbaycanın əsas millisinin baş məşqçisi Ayxan Abbasovun qərarı ilə U-21 yığmasına göndərilməsini şərh edərkən deyib.
Xəyal Əliyevlə birlikdə Ukrayna ilə oyundan öncə gənclər millisinə göndərilən 20 yaşlı yarımmüdafiəçi Abbasovun fikri ilə razılaşdığını bildirib: "Fernandu Santuş qovulandan sonra milliyə Ayxan Abbasov gəldi. O, mənə və Xəyal Əliyevə bildirdi ki, burada oynamamaqdansa, U-21-də oynamaq daha yaxşıdır. Mən də elə düşünürəm ki, bu, bizim üçün daha faydalıdır. Düzdür, U-21-in heyətində əvvəlcədən olmadığımız üçün səfərdə Portuqaliyaya qarşı oynaya bilmədik. Amma Bolqarıstanla oyun Avropa səviyyəsində bizim üçün böyük təcrübədir. Mən də Ayxan Abbasovun fikrinə qatılıram".
Şahniyarov "Qəbələ"nin "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının V tur matçını da şərh edib: "Çətin olacağını bilirdik. Çünki hər iki komanda "qara zolaq"da idi. Əsas məqsədimiz qələbə idi, yalnız bunu düşünürdük. Sevinirik ki, 3 xal bizim oldu".
Xatırladaq ki, Şahin Şahniyarov hələ I Liqada çıxış etdiyi vaxt Azərbaycanın əsas millisinə məhz Fernandu Santuşun dövründə dəvət alıb. Bu səbəbdən, Şahniyarovun Santuş haqqında "qovuldu" ifadəsini işlətməsi birmənalı qarşılanmaya bilər.