Azərbaycan milli komandasının sabiq futbolçusu Emre Kaplanın bukmeyker kontorlarında pul qoyuluşu etdiyi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, hazırda Türkiyə I Liqasıda "Umraniyespor"un formasını geyinən 24 yaşlı sol cinah müdafiəçisi Türkiyə Futbol Federasiyasının (TFF) açıqladığı 1024 nəfərlik futbolçu siyahısında yer alıb.
O, TFF-nin qərarı ilə Peşəkar Futbol İntizam Komitəsinin araşdırmasının davam etdiyi müddətdə bütün oyunlardan kənarlaşdırılıb.
Qeyd edək ki, Emre Kaplan 2019-cu ildə Azərbaycanın U-19, 2020-ci ildə isə U-21 yığmalarında forma geyinib. O, hər iki komadanın heyətində 3 oyuna çıxıb.

Kaplan 2021-ci il mayın 14-də etdiyi paylaşımda Azərbaycan millisində oynamaqdan imtina etdiyini bu sözlərlə açıqlayıb: “Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.












































































