1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu klubun adı "Kimyaçı" yox, "Sumqayıt"dır" - FOTOLAR
Bu gün Sumqayıtdakı "Azərikimya" İstehsalat Birliyinin akt zalında şəhərin futbol ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, Milli Məclisin deputatları - "Azərikimya" İstehsalat Birliyinin rəhbəri və "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının üzvü Muxtar Babayevlə Tahir Mirkişilinin də qatıldığı görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov xüsusi qonaq kimi təqdim edilib.
Görüşdə futbolun inkişafı ilə bağlı görülmüş işlər, xüsusilə Sumqayıt şəhərində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib. Sonda futbol ictimaiyyətini maraqlandıran suallar cavablandırılıb, fikirlər dinlənilib, irəli sürülən təkliflərin həlli yolları müzakirə olunub.
Baş katib bildirib ki, Sumqayıtda indiyədək 3352 futbolçu qeydiyyatdan keçib. Təkcə ötən il bu rəqəm 735 olub. Şəhərin 38 komandası U-9 Liqasından başlayaraq, çıxış edir. Eyniadlı klubun Azərbaycanın ayrı-ayrı yığmalarında azı 2 futbolçusu çıxış edir. E.Məmmədovun fikrincə, Azərbaycan futbolunun ən zəif nöqtəsi meydançalardır: "Sumqayıt kimi şəhərdə 2-3 stadion olmamalıdır. AFFA "Azərikimya" ilə birgə Sumqayıtda "Kapital Bank Arena" adlanan stadion inşa edib. Yeni stadionun da tikintisi üçün yer ayrılıb. Amma inşaat işlərinə icra hakimiyyəti, şəhərin digər imkanlı təşkilatları da kömək etməlidir. Sumqayıtda 10 mini-meydança da istifadəyə vermişik. Amma süni meydançaların istifadə müddəti 5-6 ildən sonra başa çatır. İcra hakimiyyətləri çalışmalıdır ki, örtüyü dəyişdirsinlər. Bəzi belə meydançalardan kommersiya məqsədilə də istifadə edirlər. Halbuki biz tələb etmişik ki, o stadionlar gündüzlər uşaqların istifadəsinə verilsin".
Kütləvilikdən danışarkən, AFFA rəsmisi Sumqayıtda B kateqoriyalı məşqçi kurslarının təşkilinin və elit-məşq layihəsinin bərpasının mümkünlüyünü dilə gətirib. O, "Sumqayıt" klubunun çıxışına da toxunub: "Son 4-5 ildə bu komandada maliyyə stabilliyi var. Halbuki digər klublarımızda qeyri-sabitlik mövcuddur. Premyer Liqada ilk "5-lik"də yer alan komandalar büdcələrini 40 faizədək azaldıblar. Düşünürəm ki, "Sumqayıt"ın oyunlarında bilet satışının təşkili vacibdir. Qoy, bilet 50 qəpiyə olsun, amma o mədəniyyəti tətbiq etmək lazımdır".
Bundan başqa baş katib "Kapital Bank Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki növbəti ev oyunlarının keçirilməsinin mümkünlüyünü dilə gətirib.
"Sumqayıt"ın Müşahidə Şurasının üzvü olan M.Babayev isə deyib ki, klub hazırkı büdcəsi ilə də iddialı ola bilər və buna qadirdir. O, yeni sponsorların cəlb olunmasının vacibliyini dilə gətirib: "Bu klubun adı "Kimyaçı" yox, "Sumqayıt"dır. Klub böyük bir şəhəri təmsil edir. Şəhərimizdə fəaliyyət göstərən şirkətlər, iş adamları da komandanın inkişafında maraqlı olmalıdır. Biz sponsor axtarırıq, amma tapmaq çox çətindir. Ona görə də klubu hazırkı büdcə ilə də daha əlverişli mövqeyə çatdırmağa çalışacağıq. Gələn il isə hədəfimizi builkindən də yüksəyə qaldıracağıq".
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu yenidən quraraq, 30 min tamaşaçı tutumuna malik arenaya çatdırmaq fikrində olduqlarını deyən klub rəsmisi hələlik maddi imkanlarının buna yol vermədiyini bildirib: "Yaxın 2 ildə "Azərikimya" tərəfindən stadion tikintisinin başladılmasında perspektiv görmürəm. Amma layihə var. Dövlətin və Sumqayıtdakı digər böyük şirkətlərin köməyi ilə stadionu ərsəyə gətirə bilərik".
Futbol ictimaiyyəti adından çıxış edənlər bir sıra meydançaların yararsız vəziyyətə düşdüyü və istifadəsiz qaldığını diqqətə çatdırıblar. Millət vəkilləri və baş katib həmin problemləri qeyd edərək, həlli yolunda əllərindən gələni edəcəklərinə söz veriblər.