
Azərbaycan milli komandasının qapışısı Emil Balayevin çıxış etdiyi "Ayntraxt” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Frankfurt təmsilçisi Niko Kovaçla əməkdaşlığa başladığını rəsmən açıqlayıb.
45 yaşlı mütəxəssis "Ayntraxt”la 2017-ci ilin yayınadək müqavilə imzalayıb. Ancaq komanda bu mövsüm Bundesliqada yerini qoruya bilməsə, Kovaçla müqaviləyə xitam veriləcək. Frankfurtlular əvvəlki baş məşqçisi Armin Feni uğursuz nəticələrə görə bugünlərdə istefaya göndərib. "Ayntraxt” 24 turdan sonra 25 xalla turnir cədvəlində 16-cı pillədə gedir.
Qeyd edək ki, futbolçu karyerası dövründə Almaniya klublarında, o cümlədən "Bavariya”da çıxış edən Niiko Kovaçın baş məşqçi kimi son iş yeri Xorvatiya yığması olub. Balayevin ehtiyatda qaldığı AVRO-2016-nın seçmə qrup oyununda Azərbaycan millisi Kovaçın rəhbərlik etdiyi yığmaya Osiyekdə 0:6 hesabı ilə uduzub. Xorvatiyalılar Kovaçla Bakıda "Bakcell Arena”da qolsuz bərabərliyə razılaşıb.