Bu gecə futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, həlledici görüşlər İngiltərə və İspaniyada keçirilib.
Gözlənildiyi kimi, "Mançester Siti" Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. Ukraynakı matçda 4 qol vurulmuşdusa, Mançesterdə hesab açılmayıb. Ancaq bu, ingilislərə 1/4 finala vəsiqə verən nəticə idi. Bununla da "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Ən maraqlı, gərgin mübarizə Madriddə olub. "Atletiko"nun turnirdə ardıcıl 2-ci mövsümdür taleyi oyunsonrası penaltirərdə müəyyənləşib. Fərq ondadır ki, keçən il "Bayer"lə duelində hərə öz meydanında 1:0 hesabı ilə qələbə qazanmışdısa, PSV ilə görüşlərdə qolsuz heç-heçə qeydə alınıb. Hər halda, Dieqo Simeonenin yetirmələrinin yenə "lotereya"da bəxti gətirib. Düzdür, hollandlarla penalti mübarizəsi uzun çəkib. Komandalar ilk 7 zərbəni dəqiq yerinə yetiriblər. PSV-də 8-ci penaltini vuran Lusiano Narsinqin zərbəsi tirdən qayıdıb. "Atletiko" bu şansı əldən verməyib və təcrübəli müdafiəçisi Xuanfran 1/4 finala vəsiqə verən qələbə topunun müəllifi olub.
Çempionlar Liqası, 1/7 final, cavab görüşləri
23:45. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:0
Baş hakim: Ovidiu Alin Hetseqan (Rumıniya)
Mançester. "Etihad" Stadionu
İlk oyun: 3:1
23:45. "Atletiko" (Madrid, İspaniya) - PSV (Hollandiya) - 0:0 (8:7 - penaltilər seriyası)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Madrid. "Visente Kalderon" Stadionu
İlk oyun: 0:0
Qeyd edək ki, 1/4 finalın digər iştirakçıları ötən həftə müəyyənləşəcək. Bundan öncə "Benfika" (Portuqaliya), "Real Madrid" (İspaniya), "Volfsburq" (Almaniya) və PSJ (Fransa) adını 8 ən güclü komanda sırasına yazdırıb.