Rusiya "Lokomotiv"inin erməni baş məşqçisi Sərkis Ohanesyan komandanın əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədovdan danışıb. Sportnet.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis Rusiya Premyer Liqasının XX turunda "Ufa"nı 2:0 hesabı ilə yendikləri qarşılaşmanın ardından yerli telekanallardan birinin suallarını cavablandırıb.
Həmkarlarımız ondan 32 yaşlı yarımmüdafiəçinin qısa müddətdə əla forma yığmasının sürpriz olub-olmadığını soruşublar. Ohanesyan isə "xeyr" cavabını verib. Onun fikrincə, Səmədov qış hazırlığı müddətində özünü yaxşı tərəfdən göstərib: "Təlim-məşq toplanışlarında Saşa qollar vururdu və indi də vurmaqda davam edir. Məncə, bu, elə də asan deyil. Buna görə də milliyə dəvət alır, AVRO-2016-ya yollanmağa əsas namizədlərdən sayılır. Bunlar əlavə motivasiyalardır ki, yüksəldiyi səviyyəni qorusun və qol vurmaqda, xal ehtiyatımızı artırmaqda kömək etsin".
Qeyd edək ki, Aleksandr Səmədov "Ufa" ilə görüşdə ilk qol zamanı penalti qazanıb və ikinci qolun müəllifi olub. Əvvəlki turda isə o, "Terek"ə 1:2 hesabı ilə uduzan komandasının yeganə qoluna imza atıb. Hazırda "Lokomotiv" 35 xalla 3-cü pillədə qərarlaşıb.













































































