"Artıq klubumda müntəzəm çıxış edirəm. Bu, formaya düşməyimə kömək edir". Sportnet.az-ın Qol.az-a istinadən məlumatına görə, bunu Azərbaycan milli komandasının və İspaniyanın "Kordoba" klubunun üzvü Eddi İsrafilov deyib.
24 yaşlı yarımmüdafiəçi millimizin martın 21-dən Antalyada keçiriləcək təlim-məşq toplanışına qatılmayacaq. O, İspaniya mətbuatına açıqlamasında 1 həftə davam edəcək toplanışda iştirak etməməsini çıxış etdiyi klubun vacib oyunu ilə əlaqələndirib: "Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim. Bu kimi hallar hər zaman baş vermir. Azərbaycan millisində oyamağa həmişə hazıram".
İsrafilov Sequndada çıxış edən "Kordoba"nın La Liqaya vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Hazırda ikinci pillədəki komanda ilə aramızda cəmi 3 xal fərqi var. Vəziyyətimiz yaxşıdır. Növbəti turda "Numansiya”ya qalib gəlməliyik. Öz meydanımızda isə "Alaves”lə qarşılaşacağıq. Bundan sonrakı oyunlar bizim üçün həlledicidir. La Liqaya vəsiqə qazanmaq istəyiriksə, bundan sonra daha diqqətli olmalıyıq. "Alaves”lə görüş bizim üçün final oyunu kimi olacaq”.
Qeyd edək ki, "Kordoba” hazırda 46 xalla 5-ci pillədə qərarlaşıb.