İtaliyanın Türkiyənin qrupda qalması ilə nətıcələnən İrlandiyaya məğlubiyyətindən sonra "facebook”a göz gəzdirdim. İtaliya yığmasının azarkeşləri olan sosial şəbəkə istifadəçilərinin bu məğlubiyyətə müxtəlif bəraətlər qazandırdıqlarını gördüm.
Cənablar, burada söhbət idman prinsiplərindən gedir. İdman prinsipi də onu diqtə edir ki, meydana qalib gəlmək üçün çıxmalısan. Turnir cədvəlindəki vəziyyətindən asılı olmayaraq, sən vuruşmalısan qələbə uğrunda mücadilə verməlisən. Məğlub da ola bilərsən, amma niyyətin qələbə olmalıdır. İtaliyanın niyyəti qələbə idimi? Mən şübhə edirəm! Təkcə ona görə yox ki, Antonio Konte bu oyuna ikinci heyəti buraxıb. Xeyr, italyanların ikinci heyəti də irlandlardan güclüdür. Məni şübhələndirən İtaliyanın buraxdığı qoldur.
Sosial şəbəkələrdə İtaliyaya bəraət qazandıranlar arasında bunu Kontenin qisası kimi də izah edənlər var.Bir neçə il öncə Kontenin çalışdırdığı "Yuventus” Çempionlar liqasının oyununda "Qalatasaray”a məğlub olaraq qrupda qalmışdı. İndi İtaliyanın məğlubiyyətini Kontenin intiqamı kim dəyərləndirənlər də var. Hətta bir azarkeş qolların eyni vaxtda 85-ci dəqiqədə vurulmasının təsasadüfi olmadığını qeyd etmişdi.Doğrudan da bu, təsadüfi məsələyə oxşamır. İcazə verin, şübhələndiyim bu və digər məqamları yazım.
80 dəqiqə mücadilə verən italyanlar nədənsə birdən sustaldı. Qoldan az öncə də italyanların kapitanı, müdafiəçi Leonardo Bonuççi topla gedərkən bir italyan müdafiəçiyə yaraşmayan kobud səhV edərək yerə yıxıldı. Lakin topu ələ keçirən irland hücumçu onu qapıçının üstünə vurdu. Az sonra qol epizodunda Robbi Bredinin yanı ilə qaçan həmin kapitan, nədənsə, birdən-birə dayandı. Halbuki qaçsaydı, topa irlanddan tez çatıb başı ilə çox rahat geriyə qaytaracaqdı. Bu epizodda qapıçının çox mənasız şəkildə irəli çıxması da maraqlı məqamlardan idi.
Futbol oynayanlar bilir ki, belə, idman prinsiplərinə zidd işlər, "oyunlar” olanda bu barədə bütün futbolçuları məlumatlandırmırlar. Bunu bir neçə oyunçu bilir. Adətən, kapitanın bu işdən xəbəri olur. Bəzən qapıçı və müdafiə xəttinin bir neçə oyunçusu da məlumatlandırılır.
Bu oyunda səhvlər, yaxud "səhvlər” buraxan kapitan Bonuççi 2010-cu ildən "Yuventus”dadır. Konte isə 2011 - 2014-cü illərdə bu klubda çalışıb. Yəni, bu futbolçu və məşqçi bir-birin yaxşı tanıyırlar və deməli bir birilərinə də etibar edə bilərlər.
Adətən, məşqçi fərqli heyət buraxanda qapıçı dəyişilmir, əsas qapıçı meydana çıxır. Çünki qolkiperə istirahət lazım deyil. Qaçmır, yorulmur, əksinə, meydanda olmalıdır ki, "paslanmasın”. Lakin göründüyü kimi, Buffon ehtiyatda oturdu. Mən İtaliya yığmasının və "Yuventus”un bir neçə şübhəli oyununu xatırlayıram ki, Buffon həmin oyunlarda qapıda durmayıb. Ola bilər ki, o, inanclı adam kimi "oyun verməyin” Allaha xoş getmədiyini düşünür və buna getmir, yəni bu cür oyunlarda qapıda durmur.
Oyun bitməmiş Kontenin İrlandiyanın baş məşqçisini təbrik etməsi də maraqlı məqam idi.
Deyə bilərsiniz ki, İtaliyanın dirəkdən topu döndü. Cavab verim: topu dirəyə vuran oyunçunu yəqin ki, bu məsələ barədə məlumatlandırmayıblar. Bir qədər yuxarıda bütün oyunçuların belə işlərdən xəbərlərdar olmadığlarını yazdmışdım. İndi isə səbəbini də yazım. Səbəb isə odur ki, belə iş idmandankənar hərəkətdir və bunun aşkarlanması diskvalifikasiya ilə nəticələnir. Ona görə də belə işlər çox gizli şəkildə aparılır. Konspirasiyanı, gizliliyi saxlamaq üçün də bir neçə aparıcı fiquru çıxmaq şərtilə digər oyunçular xəbərdar edilmir.
Bütün bu qeydlər oyuna ötəri baxan həvəskar bir yazarın ortaya çıxardiği şübhəli məqamlardır. Hansı ki, ciddi araşdırma materialıdır. Mənim üçün maraqlı olan odur ki, UEFA-da yüksək məvacib alan kifayət qədər peşəkar hüquqşünaslar, psixoloqlar var. Lakin onları bu məsələlər niyə maraqlandırmır, bax bu təccüblüdür. Hansı ki, onlar diqqətlə maraqlansalar, daha çox məqam aşkarlayarlar.
Buna bənzər hal 2002-ci ildə yaşanmışdı. Yenə Türkiyənin qrupunda birinci yeri təmin edən Braziliya özü üçün heç bir əhəmiyyəti olmayan matçda Kosta-Rikaya qalib gələrək Türkiyənin qrupdan çıxmasını təmin etdi. O vaxt bu komanda idman prinsiplərinə, yəni, "qalib gəlmək üçün oynamalısan” deyiminə əməl etdi və sonda Dünya Kuboku ilə mükafatlandırıldı.
Deyirlər, "futbol tanrısı” adında bir qüvvə var və o, təkcə ədalətli oynayanı mükafatlındırmır. O rəzillik edəni də cəzalandırır. İtaliya tezliklə İspaniya ilə qarşılaşacaq. Birdən ispanları keçə bilsə, haçansa oyun satdığını xatırlamadığım Almaniya gəlir. Görək nə olur? Necə deyərlər, yaşayarıq görərik.
Vüqar MƏMMƏDOV
P.S. Yəqin ki, "Qarabağ” azarkeşləri içində Türkiyənin azarkeşi olanlar da var. Həmin azarkeşlərə demək istəyirəm ki, bir müddət öncə "Qarabağ” "Rəvana”a məğlub olanda "Xəzər-Lənkəran” azarkeşlərinin hansı hisslər keçirdiyini bilmək istəyirsinizsə, İtaliyayanın İrlandiyaya məğlubiyyətindən sonra keçirdiyiniz hissləri xatırlayın.