UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan” Portuqaliyada “Benfika”nın qonağı olub.
Sportnet.az xəbər verir ki, Lissabondakı “Pavilhao Fidelidade” idman zalında təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.
İlk oyunla müqayisədə hər iki komanda cavab görüşünə dəyişikliklərlə çıxıb. Azərbaycan təmsilçisində cəzası başa çatan Karlos Bertuola, Valerio Covanni və Aleks Teyşeyra bu dəfə iş başında olub. Əvəzində Yaqo Enrike səfərə aparılmayıb.
Hesabı 10-cü dəqiqədə "Benfika" açıb. Souzanın bu qolu fasiləyə qədər yeganə olub. İkinci hissədə Perruzo ikinci sari - qırmızı vərəqə alaraq "Araz-Naxçıvan"ı azlıqda qoyub.
Bundan maksimum yararlanan meydan sahibləri fərqi artırıb. Bu dəfə Koelyo fərqlənib. Bakıdakı oyunda hesab açan Anilton Silva isə 35-ci dəqiqədə fərqi 3 topa çatdırıb. "13 nömrə" 1 dəqiqə sonra dublunu rəsmiləşdirib.
Cəmi 20 saniyə sonra Luicci Lonqo “Araz-Naxçıvan”ın ilk qolunu vurub. Matçda son qolun müəllifi isə Ədalət Ələkbərov olub.
Beləliklə səfər oyununda da məğlub olan “Araz-Naxçıvan” mübarizəni dayandırıb.
5 dekabr
UEFA Çempionlar Liqası.
1/8 final. Cavab oyunu
21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan) - 4:2
İlk oyun: 9:0
5 dekabr. Lissabon. “Pavilhao Fidelidade”
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (hamısı Serbiya)
Timekeeper: Srdjan Mihayloviç (Serbiya)
Hakim-inspektor: Sven Eyxler (Almaniya)
UEFA nümayəndəsi: Tay Regel Pundik (Danimarka)
Qollar: Hiqor de Souza, 09:24, Andre Koelyo, 28:57, Anilton Silva, 34:28, 35:40 - Luicci Lonqo, 35:52, Ədalət Ələkbərov, 39:40
Sarı vərəqələr: Dieqo Nunyes, 23:53 - Filipinyo, 23:31, Jean Perruzo, 23:38
Qırmızı vərəqə: Jan Perruzo, 27:23 (ikinci sarı)
















































































