Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev karyerasını yenidən Ukraynada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"dən ayrıldıqdan sonra yeni klub axtarışında olan 28 yaşlı müdafiəçi "Stal"a keçib. O, Premyer Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Paşayev Ukrayna futbolsevərlərinə yaxşı tanışdır. Belə ki, bu ölkənin futbolunun yetirməsi olan həmyerlimiz "Dnepr", "Krivbass", "Karpatı", Zaporojye "Metallurq"unda oynayıb.
Paşayev yeni klubu ilə bu gün Avstriyaya yollanıb. O, iyulun 10-dək həmin ölkədə növbəti mövsümə hazırlıqda iştirak edəcək.
Xatırladaq ki, "Stal" ötən mövsümü 14 komanda arasında 8-ci pillədə bitirib.