AFFA yanında Media Komitəsinin növbəti – 3 (üç) aylıq müddəti – iyul, avqust və sentyabr aylarını əhatə edən layihə müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər arasında Sportnet.az saytı da yer alıb.
Bu, Azərbaycan çempionatı, kuboku, yığması və klubların avrokuboklarda iştirakı ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması ilə bağlı layihədir. Bununla da saytımız ardıcıl 2-ci dəfə layihə qalibləri arasında olub.
Qurumun İdarə Heyətinin bugünkü iclasından ötən layihə müddətindəki işlər, həmçinin yeni mərhələ üçün təqdim olunan layihələr diqqətlə oxunub, müzakirə edilib, qərar çıxarılıb. Bəzi dəyişikliklər də var. Bu barədə sonda məlumat veriləcək. Beləliklə, növbəti layihə qalibləri aşağıdakılardır:
1.* Ölkədaxili yarışların (ölkə çempionatı və kuboku) ən yaxşı şəkildə işıqlandırılması: Supersport.az (1 200 manat), İdmanxeber.com (1 200 manat).
2. Azərbaycan futzalı: dünən və bu gün – dünya çempionatı ərəfəsində: Futbolxeber.az (1 500 manat), Futbolpress.az (1 500 manat).
3. Azərbaycan çempionatı, kuboku, yığması və klubların avrokuboklarda iştirakı ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması: Sportnet.az (1 500 manat), "Futbol+” qəzeti (1 500 manat).
4. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması: "Çempion” qəzeti (1 200 manat), Sportmedia.az (1 500 manat).
5. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar: "Rekord.az” (1 500 manat), Sportarena.az (1 200 manat).
6. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! Qol.az (1 200 manat), Sportinfo.az (1 500 manat).
7.** Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? Komanda.az (1 500 manat), "Het-Trik Nyus/Sportfm.az” (1 500 manat)
8.*** Olimpiada: Azərbaycan üçün "idman ölkəsi” imicini təsdiqləmək imkanı: Azerisport.com (1 500 manat), Apasport.az (1 500 manat), "Olimpiya Dünyası qəzeti”/goal.az” (1 500 manat).
9. Şahmat: ənənələrin işığında Olimpiadaya doğru: Sportline.az (1 200 manat), Korner.az (1 200 manat).
10. Azərbaycan güləşi: mövcud durum, inkişaf perspektivləri, regionlarda görülən işlər: Newsport.az (1 200 manat), Allsport.az (1 200 manat).
Qeydlər:
* - Ötən layihə müsabiqəsində qalib gəlmiş, ancaq götürdükləri öhdəlikləri tam yerinə yetirməyən, həmçinin ilk dəfə layihə icrasına başlayan KİV-lərin növbəti 3 ay üçün maksimum məbləğin 20 faizi, yəni 300 manatı "kəsilib” və 1 200 manat rəqəmi üzərində dayanılmasına qərar verilib.
** - Yuxarıdakı qaydanın müştərək layihə verən KİV-lərə aid edilməməsinə qərar verilib.
*** - Bir aydan sonra dörd ilin ən vacib idman hadisəsi olan Rio Olimpiadası keçiriləcəyindən, istisna hal olaraq bu istiqamətdə əlavə bir layihənin qəbulu və sayının 3-ə çatdırılmasına qərar verilib.
Əlavə edək ki, bu dəfə layihələr üzrə ödənişlər yalnız ayın sonunda, görülən işlərin keyfiyyətinə görə ediləcək.