"Zirə" Azərbaycan Premyer Liqasında məğlubiyyət seriyasına son qoyub. Sportnet.az-ın məlumatına görə, Adil Şükürovun komandası ardıcıl 3 məğlubiyyətdən sonra nəhayət həm qol vura, həm də xal qazana bilib.
Bu, I dövrənin son turunun açılış matçı olan "İnter"lə səfər qarşılaşmasında olub - 1:1. Komandanın nigeriyalı yarımmüdafiəçi Viktor İqbekoyi 90+1-ci dəqiqədə "doqquzluğ"a vurduğu dəqiq zərbə ilə komandasını ardıcıl 4-cü məğlubiyyətdən xilas edib.
"Zirə" bundan öncə 3 turda səfərdə "Kəpəz"lə "Qarabağ"a, evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzmuşdu. Hesabınad 2 qələbə olan zirəlilər 2-ci və 3-cü turlarda müvafiq olaarq "Neftçi"ni səfərdə 1:0, evdə AZAL-a 3:1 hesabı ilə yenməklə bunu əldə edib. Beləliklə, 1 aydan artıq fasilədən sonra çempionatda xal qazanan Adil Şükürovun komandası ilk dəfə heç-heçə edib. Yeri gəlmiçkən, bu mövsüm heç-heçə etməyən yalnız "Neftçi" qalıb.
"İnter"lə "Zirə"nin oyunlarının balansında bərabərlik davam edir. Ötən mövsüm də komandalar mübarizəyə heç-heçə ilə başlamış, mövsümün ilk yarısında qolsuz bərabərliklər qeydə alınmışdı. Ardından komandalar hərəyə 1 dəfə öz meydanında 1 top fərqi ilə qalib gəliblər. "Zirə" bunu 2:1, "İnter" 1:0 hesabı ilə reallaşdırıb.
"Zirə" bir uğursuz seriyaya son qoysa da, digəri qalıb. Bu da 2-cü mövsümdür çıxış etdiyi Premyer Liqada qələbəsiz oyunlar seriyasıdır ki, komanda onunla bağlı antirekordunun təkrarına doğru gedir. Antirekord 7 oyundan ibarət olub və ötən mövsümün sonunda başlayıb. Adiı Şükürovun yetirmələri buna cari çempionatın 2-ci turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlməklə son qoyub və 119 gündən sonra meydanı 3 xalla tərk edə bilib. Bu 7 oyunun 3-də heç-heçə, 4-də məğlubiyyət qeydə alınıb.