
"Çox şadam ki, qol vurdum. Fikrimcə, bu gün daha yaxşı oyun sərgilədik və layiqli qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç "Qarabağ"ı 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, Avropa Liqasında Almaniya "Maynts"ına qarşı keçirdikləri qrup mərhələsinin II tur matçından sonra bir qədər yorğun olublar: "Lakin biz oyunu udmaq istəyirdik. Meydana bu niyyətlə çıxmışdıq və qələbə qazandıq. "Qarabağ" da yaxşı komandadır. Rəqib ikinci hissədə artırdı və buna görə biz müdafiəyə daha çox diqqət yetirməli olduq".
Ozobiç vurduğu qolu da şərh edib. O deyib ki, rəqibi uzaqdan zərbə ilə məyus etməyi öncədən planlaşdırmayıb: "Sadəcə, qapıya baxdım və zərbə endirdim. Yaxşı oldu ki, top tora qovuşdu. Sadəcə, belə alındı".
25 yaşlı oyunçu tez əvəzlənməsini 3 gün əvvəl "Maynts"la ağır oyun keçirmələri ilə əlaqələndirib. O, "Qarabağ" üzərində inamlı qələbədən sonra çempionluq şansı əldə etdiklərini və belə davam edərsə, hər şeyin yaxşı alınacağını vurğulayıb.