Azərbaycan Premyer Liqasının ilk dövrəsindən sonra turnir cədvəlində olduğu kimi bombardirlər yarışında da "Qəbələ” liderdir. Sportnet.az-ın məlumatına görə, komandanın fransalı hücumçusu Baqali Dabo 7 qolla ən sərrast oyunçudur.
Onun çempionatda rəqiblərinin sayı elə 7 olsa da, hamısına qol vurmayıb. Belə ki, Dabo yalnız 4 komandanın qapısına yol tapıb. Bunlar "Neftçi”, "Sumqayıt”, "Qarabağ” və "Kəpəz”dir. Qalan 3 komandaya gəlincə, "Qəbələ” "İnter”lə qolsuz bərabərliyə qaldığından nıinki Baqali, heç kim fərqlənməyib. AZAL-la matçda isə Baqali ehtiyatda qalıb. O, yalnız "Zirə”yə qol vura bilməyib ki, onda da son 30 dəqiqədə meydanda olub.
Dabonun əlindən ən çox "Neftçi” dada gəlib. Çünki o, 8:0 hesabı ilə qalib gəldikləri matçda rəqibin qapısına 3 dəfə yol tapıb. Yeri gəlmişkən, ilk dövrənin yeganə het-triki məhz Baqaliyə aiddir. 28 yaşlı hücumçu ən erkən dubl edənlərdən biri olması ilə də seçilir ki, bunu "Sumqayt”la təxirə salınan matçda son 5 dəqiqədə həyata keçirib. Baqali ilə bərabər ilk dövrədə 8 futbolçu dubl müəllifi olub. "Qəbələ"dən daha bir dubl müəlliif liberiyalı yarımmüdafiəçisi Teo Uiksdir.
Dabo komandasının vurduğu qolların təxminən 40 faizinin müəlifidir. Ondan sonra "Qəbələ”nin bombardirləri isə son transferi Ruslan Qurbanovla xorvatiyalı yarımmüdfaiəçisi Filip Ozobiçdir – hərəyə 3 qol. Teo Uiks 2, Vitali Vernidub, Tellur Mütəllimov, və Roman Hüseynov hərəyə 1 dəfə fərqləniblər. Bir qol isə topu öz qapısına göndərən "Neftçi”nin braziliyalı müdafiəçisi Filyo Jayro Rodrigesin hesabınadır.
Baqalinin Avropa Liqasında 3 dəfə fərqləndiyini də nəzərə alsaq, hesabında 10 qol var. Bununla o, cari mövsümdə Azərbaycan klubları arasında ən məhsuldar oyunçudur. Premyer Liqada bombardirlər yarışında 4 qolla 2-ci olan "Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva avrokuboklarda cəmi 1 dəfə rəqib qapısına yol tapıb. Yəni o, Baqalinin qollarının yarısıdək fərqlənib.
Dabo ilk dəfə "Qəbələ”nin futbolçunun birinci dövrənin bombardiri olmasına imkan yaradıb. Elə komandası da ilk dəfə dövrəni vahid lider kimi bitirib. Belə gedişlə Baqali "Qəbələ”nin 11 illik tarixində 1 mövsümdə ən çox qol vuran futbolçusu olacaq. Çünki qarşıda hələ 3 dövrə var və oyunların sayı ötən mövsümlərlə müqayisədə azalsa da, hücumçunun uğurlu startı nikbinliyə əsas verir.
"Qəbələ”də 1 mövsümdə ən çox qol vuran futbolçusu isə əslən serbiyadan olan isverçəli hücumçusu Daniel Subotiç olub – 12 qol. Ucaboylu hücumçu buna komandasının ilk medalını – bürünc mükafat qazandığı 2013/14 mövsümündə nail olub. Növbəti mövsümdə Cavid Hüseynov 11, ondan sonra isə ukraynalı Aleksey Qay 10 dəfə fərləqnib. Yəni son 3 mövsümdə "Qəbələ"nin bombardirlərinin məhsuldarlıqlarında azalma müşahidə olunsa da, Baqalinin buna son qoyacağını indidən əminliklə söyləyə bilərik.
Mehman SÜLEYMANOV