1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin düzgün seçimi
Vüqar MƏMMƏDOV
Azərbaycan - Norveç oyunundan öncə yığmamızın taktiki quruluşuna livescore.com saytında baxdım. Düzü, oradakı sxem mənə qəribə gəldi. Bu saytda sxem 4-3-3 kimi vermişdi. Hücumun mərkəzində Ağabala Ramazanovu, sağda isə Ruslan Qurbanovu göstərmişdilər. Belə bir sxem mənə qeyri-düzgün kimi göründü və özüm oyunun gedişində düzgün sxemi tapmağa çalışdım. Beləliklə, oyunda mənim gördüyüm sxem necə idi?
Müdafiənin mərkəzində Rəşad Sadıqov və Maksim Medvedev, solda Arif Daşdəmirov, sağda Məhəmməd Mirzəbəyov oynayırdı. Meydanın mərkəz hissəsində Rahid Əmirquliyev, Qara Qarayev və Eddi İsrafilov çıxış edirdi. Rahidlə Qaraya niisbətən Eddi öndə idi. Bir qədər irəli gedərək qeyd edək ki, komandamız oyunu demək olar, müdafiədə keçirdiyindən hər üç oyunçu "qara iş” görmək məcburiyyətində qaldı. Hücumun sivri ucunda Ruslan Qurbanov oynayırdı. Ona soldan Nazarov, sağdan isə Ramazanov dəstək olmağa çalışırdı.
Əvəzetmələrə gəlincə... İkinci hissədə İsrafilovun yerinə meydana daxil olan Namiq Ələsgərov onun yerində yox, solda oynadı və bu mövqedə çıxış edən Nazarov bir qədər geri və bir o qədər də mərkəzə çəkildi. Bu, bəlkə də Norveç yığmasının hücumları daha çox bu cinahdan qurması ilə bağlı idi. Ruslanı əvəz edən Ramil Şeydayev elə onun mövqeyində oynadı. Yalnız Ağabalanı əvəz edən Bədavi Hüseynovun hansı mövqedə çıxış etdiyini görə bilmədim. Çünki həmin anlar yığmamız oyunu hücumda keçirirdi. Matça televiziya vasitəsilə baxdığımdan və kameraların da daha çox hücum bölgəmizi çəkməsi səbəbindən müdafiənin yeni quruluşunu görə bilmədim. Çox güman Bədavi mərkəzə, Rəşadın yanına yerləşib, Maksim sağ cinaha çəkilib, Mirzəbəyov isə bir qədər irəli, Ramazanovun yerinə gedib.
İndi isə oyuna və daha çox yaddaqalan oyunculara baxaq.
Kamran Ağayev ən yaxşı oyunlarından birini keçirdi. Onun Portuqaliya "Boavişta”sında oynamasını çıxışına müsbət təsir edən önəmli faktorlardan hesab etmək olar. Digər futbolçularımızın da Avropa klublarına transferi onların oyunlarında böyük ehtimalla artıma səbəb ola bilər. Kamran isə kameralara düşən görüntülərindən belə başa düşmək olar ki, təkcə özünün istedadına güvənmirdi. O, qapısı önündə təhlükə yarananda (küncdən zərbə, cərimə zərbəsi) başını göyə qaldırırdı, dodaqlarının tərpənməsindən Allahı köməyə çağırdığını (çox güman ki, "ya Allah!” deyirdi) görmək olurdu. Daha bilmirəm Kamranın duaları keçirdi, yoxsa bəxti gətirirdi, hər nədirsə, təhlükəli vəziyyətlər asanlıqla dəf olunurdu – Kamran, müdafiəçilər, və bir dəfə də tir tərəfindən. Kamranın rəqibin vurduğu növbəti zərbələrdən birini tutarkən şərhçinin "əlində, ovcunda qalsın” sözləri həyəcanla oyunu izləyən televiziya tamaşaçılarınının gərginliyini yəqin ki, xeyli azaltdı.
Müdafiədə Rəşad ən yaxşı oyununlarından birini keçirdi. O əsl kapitan kimi çıxış etdi. Əmirquliyev yenə həmişəki kimi, motor, mühərrik kimi dayanmadan işlədi.
Maksim həm müdafiədə yaxşı oynadı həm də qol vurdu. Medvedev ampluaca cinah oyunçusudur. Amma Bədavinin zədəsini tam bərpa etməməsi səbəbindən Prosineçki onu artıq ikinci dəfədir mərkəzdə Rəşadla birgə oynadır. Maksim də etimadı doğruldur. Burda bir məqamı da qeyd edək. "Qarabağ”da Qurban Qurbanov eyni problemlə üzləşib. Amma o mərkəzdə Maksimi yox, Elvin Yunuszadəni oynadıb. Prosineçkinin başqa mərkəz müdafiəçisinə yox, "Maks”a güvənməsinin effektli olması, Yunuszadənin isə "Qarabağ”da, eyni mövqedə, Rəşadla yanaşı effektli olmaması Prosineçkinin seçiminin Qurbanovun seçimindən daha düzgün olması fikrini yaradır.
Düzü mən qolu canlı izləyə bilmədim. Buna səbəb işığın kəsilməsi idi. Bəli, nə qədər utandırıcı olsa da, XXI əsrdə belə problemlər yaşayırıq. Nə isə, hardasa 20-ci dəqiqə gedəndə işığı verdilər. Bir xeyli söyə-söyə televizoru açdım və ekranın sol yuxarı küncündə 1:0 yazısını görəndə sevindim. Qola isə oyundan sonra "Sportnet.az”ın yaydığı rus şərhçilərin ifasında olan videoda baxdım.
Qonşu ölkədən olan şərhçi qolun vurulma anında Eddinin qapıya tərəf gedərək müdafiəçiləri də özü ilə aparıb, top ötürüləcək zonanı boşaltdığını, Maksimə qol vurmaq üçün şərait yaratdığını qeyd etdi. Rus şərhçi ilə razılaşmamaq mümkün deyil.
Bir iki kəlmə də rəqib haqqında. Norveç yığması oyunu üstün keçirməsinə rəğmən niyə qol vura bilmədi? Çünki bu komandanın, pasla yaxşı oynasa da induvidual, fərdi keyfiyyətlərə malik oyunçusu yox idi. Bu olmayanda qapalı müdafiəni yarmaq demək olar ki, mümkün olmur. Müasir futbolda fərdi ustalıq vacib şərtdir. Topla driblinq edə bilən futbolçu oyunu üzərinə götürərək vəziyyəti bir anda dəyişə bilər.
Artıq iki oyuna 6 xal toplayaraq, qrupda Almaniya ilə ilk 2 yeri bölüşürük. "İştah diş altındadır” deyirlər. Hərdən adamın ürəyindən dünya çempionatının finalı-zad keçir. Amma belə, müdafiə oyunu kifayət etməz. Hücum etmək lazımdır!