Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992 - 2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Sonuncu - 12-ci yazı qardaş ölkə olan Türkiyə təmsilçilərinin "qardaş evi”ndə özlərini rahat hiss etməmələri ilə bağlıdır.
İlk legioner məhz Türkiyədən olsa da...
Türkiyə 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarında xüsusi iz buraxıb. Bu da ilk növbədə onunla bağlıdır ki, çempionatımızda ilk legioner məhz bu ölkədən olub. Uzun müddət mübahisə doğuran ilk legionerin kimliyinə məhz bu layihəmizdə tam aydınlıq gətirdik. Məlum oldu ki, bu, 1994/1995 mövsümündə Bakının "İnşaatçı” klubunda çıxış etmiş Mustafa Xeyridir.
1974-cü il təvəllüdlü hücumçu Bakıda təhsil alıb. O, Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi olub. Xeyri çempionatımızda cəmi 3 oyun keçirsə də, qol hesabını aça bilib. Bu, 1994-cü ilin noyabrın 6-da Lənkəranda fərqləndiyi yerli "Xəzər”lə 1:1 hesabı ilə nəticələnən matçdır. Özü də Mustafa debüt matçında qol vurmağı bacarıb. Deməli, o, milli çempionatımızda həm oynayan, həm də qol vuran ilk legionerdir. Ən maraqlısı odur ki, ilk avtoqol müəllifi də məhz Xeyridir. Deməli, türkiyəli futbolçu həm müsbət, həm də mənfi planda ilkə imza atıb. Mustafa 1994-cü ilin noyabrın 20-də Buzovnanın "Xəzri” klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda topu öz qapısına göndərib. Yeri gəlmişkən, 90-ci illərdə milli çempionatımızda başqa avtoqol qeydə alınmayıb.
Cəmi 33 futbolçu, onlar da titula həsrət
İlk baxışdan belə düşünmək olardı ki, türkiyəli futbolçuların Premyer Liqada həm sayları çox olub, həm də uğurları. Ancaq statistik araşdırmalar tam başqa şeyi göstərir. Xeyridən sonra uzun müddət, konkret 90-cı illərdə başqa türkiyəli futbolçu milli çempionatımızda iştirak etməyib. İkinci belə oyunçu 2000-ci illərin əvvəlində "Ədliyyə” və "Şəfa”da oynamış yarımmüdafiəçi Firat Çırçı olub.
Ümumiyyətlə, Türkiyənin Azərbaycan Premyer Liqasında futbolçu qismində 33 təmsilçisi olub. Ancaq onların çox uğursuz olmasına yalnız bir faktı göstərsək, yetərlidir. İndiyədək Azərbaycan çempionu olan türkiyəli futbolçu olmayıb. Bu azmış kimi, Azərbaycan Kubokunu qazanan da olmadığından, türkiyəli futbolçular ölkəmizdə titula hələ də həsrətdirlər. Yalnız 1 futbolçu – yarımmüdafiəçi Devran Ayhan 2010-cu ildə Azərbaycan Kubokunu qazanmağa çox yaxın olsa da, həmin vaxt çıxış etdiyi "Xəzər Lənkəran”ın finalın əlavə vaxtında "Bakı”ya 1:2 hesabı ilə uduzması buna imkan verməyib.
Əslində, türkiyəli futbolçular daha çox ola bilərdi. Di gəl ki, bəziləri Avropa ölkələrinin təmsilçiləri olub. Məsələn, Murat Doymuş, Erdal Çelik, Göksu Hasancik Almaniya, Fatih Sonkaya Hollandiya, Ender Günlü Fransa vətəndaşı kimi ölkəmizə gəliblər. Bu üzdən, onları ötən yazılarımızın birində avropalılar kimi qələmə vermişdik.
Bir məqamı da qeyd edək ki, milli çempionatda Türkiyədən qapıçı olmayıb. Cari mövsümdə isə qardaş ölkənin Premyer Liqada təmsilçisi demək olar yoxdur. Yalnız Muarem Muaremi qeyd edə bilərik ki, o, yalnız Türkiyənin yox, eyni zamanda Makedoniyanın vətəndaşıdır və ən əsası, bu ölkənin milli komandasının şərəfini qoruyur.
Muammer Ərdoğdu 3 göstəricidə birdən lider
Türkiyədən milli çempionatda ən çox oyun keçirən futbolçu Muammer Ərdoğdudur. Müdafəçisi oyun sayında böyük fərqlə üstündür.
Təsadüfi deyil ki, Ərdoğdu ən yaxın izləyicisi Ayhan Devrandan 20 matç qabaqdadır.
Ən çox oyun keçirən türkiyəli futbolçular (25 və daha çox)
1. Muammer Ərdoğdu |
79 |
2. Ayhan Devran |
59 |
3. Firat Çırçı |
43 |
4. Mehmet Ali Arslan |
40 |
5. Suat Usta |
37 |
6. Ender Günlü |
35 |
7. Aydın Tuna |
30 |
8. Abdulkadir Öz |
28 |
9. İbrahim Mandiralı |
25 |
Ərdoğdu digər iki göstəricidə - mövsüm sayında və ən çox klub dəyişən həmyerliləri arasında da liderdir. 29 yaşlı müdafiəçi 2008 - 2013-cü illərdə Azərbaycanda ardıcıl 5 mövsüm oynayıb. Muammer bu müddətdə 4 klubda – "Xəzər Lənkəran”, "Turan”, "Kəpəz” və "Qəbələ”də çıxış edib.
Ən çox mövsüm keçirən türkiyəli futbolçular (2 və daha çox)
1. Muammer Ərdoğdu |
5 |
2. Ayhan Devran |
3 |
3. Abdulkadir Öz |
3 |
4. Firat Çırçı |
2 |
5. Mehmet Ali Arslan |
2 |
6. Suat Usta |
2 |
7. Ender Günlü |
2 |
8. Mustafa Engin Özmən |
2 |
Ən çox klub dəyişən türkiyəli futbolçular (2 və daha çox)
1. Muammer Ərdoğdu |
4 |
2. Abdulkadir Öz |
3 |
3. Firat Çırçı |
3 |
4. Ayhan Devran |
2 |
5. Ender Günlü |
2 |
Haqsızlıqla üzləşən "Beşiktaş"lı ulduz bombardir
Ərdoğdu mərkəz müdafiəçisi olsa, çox məshuldar olub. Təsadüfi deyil ki, o, 9 qol vuraraq bir sıra hücumameylli həmyerlilərini qabaqlayıb. Ən sərrast oyunçu isə məşhur hücumçu olub. Bu, "Beşiktaş”da və Türkiyə milli komandasında çıxışı ilə tanınan Oqtay Dərəlioğludur. O, ölkəmizdə yarım mövsümdən bir qədər çox oynasa da, çempionata öz damğasını vura bilib. 2004/2005 mövsümü başlayandan sonra - konkret, 2004-cü ilin dekabrında "Xəzər Lənkəran”a keçən Dərəlioğlu 21 oyuna 17 qolla hələ də milli çempionatın türkiyəli legionerləri arasında bombardirdir. Belə gedişlə bu rekord hələ uzun illər əlçatmaz olacaq.
Özü də Oktay ilk qolunu "Neftçi” ilə Böyük oyun”dakı debütündə vurub. Düzdür, onun 1 qolu əlindən alınıb. Çünki həmin çempionatın son turunda "Kəpəz”lə səfər matçında uzatma dəqiqələrində "Xəzər Lənkəran”dan penaltini Martin Stankov yox, o, qola çevirib. Ancaq baş hakim Anar Salmanov protokolda qol müəllifi kimi Stankovu yazdığından, tarixdə bolqar müdafiəçinin adı qalıb. Ancaq biz sübuta yetirilmiş bu faktı əsas gətirərək Gəncədəki həmin matçda Oktayı qol müəllifi saymışıq. Nəticədə Dərəlioğlunun hesabında 17 qol göstərmişik.
Avtoqol müəllifi olan türkiyəli futbolçuların sayı cəmi 2 nəfərdir. Bunlar Mustafa Xeyri ilə yanaşı, Mehmet Kahraman olub.
Ən çox qol vuran türkiyəli futbolçular (2 və daha çox)
1. Oktay Dərəlioğlu |
17 |
2. Muammer Ərdoğdu |
9 |
3. Ender Günlü |
7 |
4. Əhməd Dursun |
5 |
5. Əli Cansun |
4 |
6. Mehmet Ali Arslan |
2 |
7. Gökhan Güleç |
2 |
8. Gürşat Duymuş |
2 |
Cəmi 7 medalçı
Azərbaycan Premyer Liqasının medalçıları olan türkiyəli futbolçular isə cəmi 7 nəfərdir. Bunlardan 5-i – Oktay Dərəlioğlu, Dəniz Kolqu, Məsut Kumcuoğlu, Tunc Kip və Gürşat Duymuş gümüş, Ayhan Devranla Aydın Tuna bürünc medalçı olublar.
Dərəlioğlu, Kolqu, Kumcuoğlu, Kip həmyerliləri Rasim Karanın rəhbərliyi altında "Xəzər Lənkəran”ın debüt mövsümü olan 2004/2005-də "gümüş”ə yiyələniblər. Duymuş isə 2009/2010 mövsümündə "Bakı”nın çempionatı 2-ci yerdə bitirməsində pay sahibi olub. Tuna Yevlaxın "Karvan" klubunun debüt mövsümü olan 2004/2005-də bürünc medalçı olub. Ayhan isə 2010/2011 mövsümündə "Qarabağ”la buna nail olub. Hərçənd, onun Azərbaycanda ilk klubu "Xəzər Lənkəran" olub. Göründüyü kimi, türkiyəli futbolçuların əsas uğurları 2004/2005 mövsümündə və 2009 - 2011-ci illərdə olub.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib