Bakı Olimpiya Stadionu Azərbaycan milli
komandasının seçmə mərhələlərdə qələbə qazandığı 4-cü arena olub.
Sportnet.az-ın məlumatına görə, bu, 2018-ci il dünya çempionatının seçmə mərhələsində
Norveç yığması üzərində 1:0 hesablı qələbədir.
Millimiz 1994-cü ildən çıxış
etdiyi dünya və Avropa çempionatlarının seçmə qrup mübarizəsində bunadək 3 stadionda qalib
gəlməyi bacarmışdı: Tofiq Bəhramov adına Respublika stadionu, "Şəfa”
(indiki "İnter Arena”) və "Bakcell Arena”.
Yığmamız mərkəzi arenada rəsmi
debütünü qələbə ilə qeyd edə bilib. Bu, elə dünya çempionatının seçmə mərhələsində ilk qələbəmiz - 1996-cı
ilin avqustun 31-də İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub etdiyimiz matçdır. Azərbaycan
millisi "Tofiq Bəhramov”da habelə Lixtenşteyni ( 1999-cu il, 4:0), Slovakiyanı
(2001-ci il, 2:0), Finlandiyanı (1997-ci il, 1:0), Türkiyəni (2010-cu il, 1:0),
Qazaxıstanı (2011-ci il, 3:2) və Maltanı (2015-ci il, 2:0) yenib.
Yığmamız "Şəfa”dakı debütündə də meydanı qalib tərk edib. Bu, 2003-cü ilin iyunun 11-də Serbiya və
Çernoqoriya yığması üzərində 2:1 hesablı əmkar qələbədir. Ancaq bu, eyni
zamanda həmin arenada yeganə qələbə olub.
Millimizin "Bakcell Arena”da da 1 qələbəsi
olub. Ancaq bunu debütdə yox, sonradan – 2013-cü il oktyabrın 11-də Şimali
İrlandiya yığması üzərində 2:0 hesabı ilə qazanmaq mümkün olub.
Azərbaycan yığması seçmə mərhələdə debütündə rəqiblərini vətənində
yox, Türkiyədə - Trabzon şəhərində "Avni Aker” stadionunda qəbul etməli olub və
ümumiyyətlə, qələbə üzünə həsrət qalıb. Yığmamız Lənkəranda yeganə rəsmi
matçında – 2009-cu ilin sentyabrın 5-də Finlandiya millisinə 1:2 hesabı ilə uduzub.
Millimiz Gəncə şəhər stadionunda və Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da da oyun keçirib, lakin bunlar yoldaşlıq görüşləri olub.
Milli komandamız Bakı Olimpiya Stadionunda 3
oyun keçirib. Bundan öncəki matçlar ötən ilin oktyabr və noyabr aylarında
olub. 68 minlik arenada rəsmi debütündə İtaliyaya 1:3 hesabı ilə uduzan Robert
Prosineçkinin komandası bundan 1 ay sonra Moldovaya qalib gəlib. Ancaq həmin
2:1 hesablı qələbə yoldaşlıq görüşündə qazanılıb.
Qeyd edək ki, Azərbaycan yığması Bakı Olimpiya Stadionunda
tarixində 12-ci rəsmi qələbəsini qazanıb. Əvvəlki qələbələrdən 9-u evdə, 2-si səfərdə əldə olunub. Rəqib meydanında "cırtdanlar" – 2009-cu ildə Lixtenşteyn 2:0, 2016-cı ildə San Marino 1:0 hesabı ilə məğlub edilib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.