1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa və Azərbaycan rekordçusu olan yubilyar
Dünya və Avropa futbolunda özünəməxsus yeri olan Berti Foqts. Azərbaycan milli komandasının baş məşqçisi olmuş mütəxəssis bu gün 70 illik yubileyini qeyd edir. Son olaraq ABŞ yığmasında baş məqşçi Yurgen Klinsmannın məsləhətçisi olan Foqts keçmiş tələbəsi 2 ay öncə qovulanda özü də getdi və hazırda işsiz mütəxəssislər sırasındadır.
Millinin kölgəsində qalan klub karyerası
1946-cı ilin bu günü Almaniyada dünyaya gələn yubilyar sənədlə Hans-Hubert Foqts olsa da, bütün dünyada Berti Foqts kimi tanınır. Onun futbolçu karyerası yalnız bir kluba bağlı olub – Mönhenqladbaxt "Borussiya”sına. Keçmiş sağ cinah müdafiəçisi bu komandanın heytində 14 il (1965-79-cu illər, 419 oyun, 32 qol) çıxış edib, 5 dəfə Almaniya çempionu, 1 dəfə ölkə, 2 dəfə UEFA kubokunun qalibi olub.
Ancaq Foqtsa futbolçu kimi daha çox milli karyerası uğur gətirib, onu bütün dünyada tanıdıb. Bu, əvvəl Avropa (1972), sonra dünya çempionluğu (1974) olub. Yubilyarın 1970-ci ildə dünya çempionatının bürünc, 1976-cı ildə Avropa çempionatının gümüş medalını qazandığını da nəzərə alsaq, mükafat kolleksiyasında hər 3 əyarlı medal var.
Foqtsun məşqçi kimi klub karyerası da millinin kölgəsində qalıb. Təsadüfi deyil ki, o, 30 illik məşqçilik dönəmində yalnız 1 klubda - "Bayer"də baş məşqçi olub və Leverkuzen təmsilçisində 2010/11 mövsümündə heç nəyə nail olmayıb. Ancaq Almaniya millisi ilə bunun tam əksi baş verib. Bundestim 1990-cı ildə İtaliyada dünya çempionu olanda Foqts baş məşqçi, əfsanəvi Frants Bekkenbauerin köməkçisi olub. Həmin mundialdan sonra onu əvəzləyən Foqts ardıcıl iki Avropa çempionatının finalınadək irəliləyib. 1992-ci ildə İsveçdə gümüş medalçı olubsa, bundan 4 il sonra İngiltərədə Avropa çempionluğunu əldən verməyib.
Bu, Bundestim üçün ona görə dəyəri tituldur ki, həmin vaxtdan bu yana, artıq 20 ildir qitə birinciliyinin qalibi olmur. Foqts isə həm futbolçu, həm də baş məşqçi kimi Avropa çempionu olan yeganə insan kimi tarixdə qalır. Onun rekorduna Didye Deşam elə bu il şərik çıxa bilərdi ki, finalda Portuqaliyaya məğlubiyyət buna imkan vermədi.
Milimizdə rekordları da, məğlubiyyətləri də bol olan baş məşqçi
Almaniya yığmasının heyətində həm futbolçu, həm də məşqçi və baş məşqçi kimi böyük uğurlara imza atan Foqtsun nə vaxtsa Azərbaycanda işləyəcəyi, özü də milli komandamızın "sükanı"nın ona tapşırılacağı ağlımıza belə gəlməzdi. Ancaq 2008-ci ilin martın sonunda bu, reallaşdı və 2014-cü ilin oktyabrın 17-dək fasiləsiz işlədi. Bu, 6 il yarımlıq bir müddət idi. Özü də baş məşqçisi olduğu Küveyt, Şotlandiya və Nigeriya millisindən daha uzun müddətli.
Foqts millimizlə ardıcıl 3 seçmə mərhələdə iştirak edərək 4-cünün əvvəlində getdi. Onun dönəmində millimizlə böyük uğurlara imza atmasa, ən yaxşı halda, qrup 4-cüsü olsa, ən vacibi final mərhələsinə çıxmasa da, hər halda, rekordlar oldu və bunu danmaq qeyri-mümkündür. Foqts ilk seçmə mərhələsində qazandığı 5 xalla rekorda şərik oldu. Sonrakında 7 xalla yeni rekorda imza atdı, üçüncüdə isə 9 xalla öz rekordunu yenilədi. Həmin DÇ-2014 seçmə mərhələsində millimizin tutduğu 4-cü pillə ən yaxşı göstərici olaraq qalır.
Əlbəttə, Foqtsun uğursuz nəticələri, böyükhesablı məğlubiyyətləri də çox oldu. Elə həmyerliləri 4 görüşündə heç birində ona rəhm etmədi, komandasını Almaniyada darmadağın etdi (0:4 və 1:6). Yoldaşlıq görüşü olsa belə, millimiz evdə ən ağır məğlubiyyətini də məhz Foqtsun vaxtında aldı. Bu, 2009-cu ilin iyunun 9-da Avropa çempionu, 1 il sonra dünya çempionu olacaq İspaniya yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 0:6 hesablı məğlubiyyət idi.
Ancaq Bakıda Türkiyə, Şimali İrlandiya yığması üzərində rəsmi qələbələr də yaddaqalan oldu. Vacib məqamlardan biri odur ki, millimiz seçmə mərhələ tarixində ilk səfər qələbəsini məhz Foqtsun vaxtında qazandı. Bu, debüt tsiklində - 2009-ci oktyabrın 10-da Lixtenşteyn yığmasını onun meydanında 2:0 hesabı ilə məğlub etdiyi matç idi.
Çempionatımıza laqeyd münasibətlə, mətbuatla qarşıdurmalar
Foqtsun vaxtında milli komandamız üçün şərait xeyli yaxşılaşdı. Bu, artıq AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin vaxtı idi. Millimiz Bakıda əla otellərdə qaldı, yaxşı meydançalarda hazırlaşdı, xaricdə, hətta Almaniyada tez-tez təlim-məşq toplanışında oldu. Millimizin futbolçularının maddi durumları xeyli yaxşılaşdı, yaxşı məbləğdə mükafat almağa başladılar. Yəni oyunçular Foqtsun vaxtında şərait, maddi baxımından heç nə itirmədilər, əksinə, qazandılar.
Bu 7 ilə yaxın müddətdə millidə bir sıra yeni adlar oldu, milliləşən legionerlərin cəlb olunması tendensiyası davam etdi.
Ancaq istənilən halda, Foqts ona bəslənilən böyük ümidləri tam doğrultmadı desək, daha düzgün olardı. Hər halda, o, Azərbaycanda yüksək məbacib alırdı ki, bunun 95 min avro olması ilk gündən böyük söz-söhbətə səbəb oldu. Foqts futbolçulara iradlarını mətbuatdan deməkdən çəkinmir, onları peşəkar olmaqda qınayır, çox məşq etməklə aralarının olmadığını gizlətmirdi. Foqts milli çempionatımıza laqeyd münasibəti, çox vaxt vətənində olmaqla daxili yarışlara izləməməsi ilə özünə qarşı çoxsaylı tənqidlərə səbəb oldu. Üstəlik, millinin təlim-məşq toplanışlarında Premyer Liqada uzunmüddətli fasilələr, təqvim tez-tez dəyişilməsi klublarına böyük narazılığına səbəb oldu, çempionatı keçirən Peşəkar Futbol Liqası mətbuatın tənqid hədəfinə çevrildi.
Foqts mətbuatla da ara-sıra "kəllə-kəllə”yə gəldi. Hələ gəldiyi ilk ildə Uelsin zəif heyətinə evdə 0:1 hesablı məğlubiyyətdən sonra istefaya səslənən almaniyalı mütəxəssis mətbuat konfransında fikilərini deməyə başlayarkən jurnalistlər konfrans zalını tərk etməklə onu boykot etdilər. Foqts bundan 5 il sonra Lüksemburqla qələbəni əldən verdiyi ev oyununda (1:1) azarkeşlərin "istefa" şüarı ilə üzləşdi.
Ümumiyyətlə, həmin DÇ-2014 seçmə mərhələsinin nəticələrə əsasən Foqts üçün sonuncu olacağı, AFFA-nın onunla yollarını ayıracağı gözlənilirdi. Elə almaniyalı mütəxəssis də başa çatan müqaviləni yeniləməyəcəyinə işarə vurmuşdu. Ancaq "Bakcell Arena”da keçirilən son 2 oyunda qazanılan 4 xal vəziyyəti 180 dərəcədi dəyişdi və 9 xalla yeni rekord AFFA rəhbərliyinə müqaviləni uzatmağa əsas verdi.
Foqtsun qənimi olan Xorvatiya millisi
Tale elə gətirdi ki, Foqtsun qənimi xorvatlar oldu. 1998-ci ildə Fransada keçirilən dünya çempionatının 1/4 finalında bu ölkənin yığmasına 0:3 hesablı məğlubiyyət mütəxəssisin qovulması ilə nəticələndi. Bundan 16 il sonra isə Foqts Azərbaycan millisinin baş məşqçisi kmi Xorvatiyaya Avropa çempionatının seçmə mərhələsində böyük hesabla uduzdu - 0:6. Osiyekdəki bu darmadağın onun üçün sonuncu oldu.
Beləliklə, Foqtsun Azərbaycan millisindəki fəaliyyəti 2391 gün davam etdi. 2008-ci il martın 30-da İcraiyyə Komitəsi tərəfindən baş məşqçi vəzifəsinə təyin olunan mütəxəssis 6 il 6 ay 17 gün bu postda qaldı.
Yığmamızdakı fəaliyyət müddətinə əsasən Azərbaycan rekordçusu olan Foqts komandanı 71 matça çıxardı. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 34 məğlubiyyəti oldu. Foqtsun komandası 56 qol vurub, 104-nü buraxdı.
Maraqlıdır ki, ilk oyunu da, son matçı da Balkan yarımadasında baş tutdu. Sabiq yuqoslaviyalılardan alınan ilk və son məğlubiyyətin nəticəsi isə fərqli oldu. 2008-ci il iyunun 4-də Zenitsa şəhərində yerli Bosniya və Herseqovinaya 0:1 hesabı ilə yenilən komandamız Foqtsun debütünü korladı. Onun son matçı isə 2014-cü il oktyabrın 13-də Osiyekdə keçirildi. Yuxarıda qeyd etdiyimiz kimi, Xorvatiya yığmamıza qarşı daha amansız oldu – 6:0. Foqts millimizi 33 seçmə oyuna çıxardı. Onun rəhbərliyi altında 4 qələbə, 9 heç-heçə və 20 məğlubiyyət oldu, 23 qol vuruldu, 61-i buraxıldı.
Maraqlıdır ki, Foqtsu yığmamızda əvəzləyən arzulamadığı ölkənin təmsilçisi, yəni xorvatiyalı oldu. Robert Prosineçki rəsmi oyunda səfərdə qalib gəlməklə, 1 seçmə mərhələdə 2 qələbə qazanmaqla almaniyalı həmkarının rekordlarına şərik çıxdı. Onun vaxtınnda 4 oyuna artıq 7 xal toplayan millimiz qalan 6 matçın cəmi 1-də qalib gələrsə, xal sayında Foqtsu rekordunu kölgədə qoyacaq.
P.S: Bu foto millimizlə ilk səfərim olan Podqoritsada çəkilib. 2009-cu ilin noyabrında Çernoqoriya yığması ilə keçirilən yoldaşlıq görüşündən öncə mətbuat konfransında Foqtsla şəkil çəkdirəndə gülümsəyərək gözləmədyim zarafatı ilə qarşılaşdım: "Azərbaycanda axır ki özüm boyda jurnalistlə rastlaşdım".
Mehman SÜLEYMANOV