Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarını davam etdirir. Sonuncu - on ikinci yazı Azərbaycan
Super Kubokunun sahibi olan ilk və hələ yeganə əcnəbi baş məşqçi ilə bağlıdır.
Azərbaycan Superkubokunun tarixi
Bu yazıda haqqında söz açacağımız baş məşqçi Con Toşakdır. 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın "sükanı arxası"nda olan uelsli bu yarışda iştirak edən ilk əcnəbi mütəxəssis olub.
Çünki əvvəlki 3 Superkubokda legioner məşqçiyə təsadüf olunmayıb. Həm bunun, həm də ilk legioner futbolçunun da iştirakı həmin vaxt olub. Toşak debütünü qələbə ilə qeyd etməklə tarixə düşüb.
Azərbaycan Superkubokunun tarixi 90-ci illərə gedib çıxır. Yarış 1993, 1994 və 1995-ci illərdə "Səhər" qəzetinin Superkuboku adı ilə keçirilib. 2013-cü ildə isə Azərbaycan Superkuboku adı ilə yenidən bərpa edilib. Superkubok oyunu 90-cı illərdə 2 dəfə Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib. "Neftçi" ilk çempion kimi 1993-cü ilin fevralın 21-də ölkə kubokunun qalibi olan Bakının "İnşaatçı" klubu ilə görüşüb. "Ağ-qaralar" 4:1 hesabı ilə qalib gələrək ilk Superkuboku qazanıb.
İkinci Superkubok oyun keçirilmədən "Qarabağ"a təqdim olunub. Çünki Ağdam klubu 1993-cü il mövsümündə həm çempion, həm də kubokun sahibi olmaqla "qızıl dubl"a imza atmışdı.
1993/94 mövsümünün çempionu "Turan"la kubokun qalibi "Kəpəz" arasında Superkubok oyunu baş tutmayıb. Çünki həmin vaxt çempionatda çıxışını dayandıran "Neftçi" və onun tərəfində olan klublar AFFA-ya alternativ qurum yaratmışdılar. Belə vaxtda Superkubok heç yada da düşmədiyindən baş mükafat sahibsiz qalıb.
1994/95 mövsümündə isə "Kəpəz" Superkubokda oynamaqdan imtina edən ilk çempion olub. Belə olan halda, Azərbaycan kubokunun qalibi "Neftçi" vitse-çempion "Turan"la görüşüb. 1995-ci ilin iyunun 23-də keçirilən matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün təyin olunan oyunsonrası penaltilrə seriyasında "ağ-qaralar" 10:9 hesabı ilə üstün olub.
Naxçıvan həlledici matçı 8 il gözləməli oldu
2005-ci ildə Ramiz Mirzəyev AFFA-nın prezidenti olduğu dövrdə yenidən Superkubok oyununun keçirilməsi gündəmdə idi. Hətta çempion "Neftçi" ilə ölkə kubokunun sahibi "Bakı" arasında həlledici matç təqvimə də daxil edilmişdi. Bu görüşün Naxçıvanda keçiriləcəyi gözlənilsə də, sonradan təxirə salındı.
Naxşıvanda keçirilməsi planlaşdırılan Superkubok matçı bundan 8 il sonra baş tutub. 2013-cü ilin mayın 24-də Peşəkar Futbol Liqasının iclasında qurumun sədri Ramin Musayev bu yarışın yenidən keçirilməsinə AFFA prezidenti Rövnəq Abdullayevlə görüşdə qərar verdiklərini açıqlayıb. Superkubokun eskizi Moskvada hazırlanmışdı.
"Xəzər Lənkəran" – "Neftçi" – 2:1
23 oktyabr 2013. Saat 15:00. İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu. 9800 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
Qollar: Etame Mbilla, 28; Rasim Ramaldanov, 90 // Karlos Kardoso, 68
"Xəzər Lənkəran”: 33. Duqlas Leite 3. Vanderson Skarduelli 4. Alvaro Silva 6. Rasim Ramaldanov 7. Sadio Tounkara 10. Elnur Abdullayev 11. Zohair Benouahi (8. Edu Oriol, dəq.80) 14. Rahid Əmirquliyev (k) 20. Etame Mbilla (22. Deivid Sakkoni, dəq.90+2) 27. Adrian Skarlatake 55. Ağabala Ramazanov (42. Kamran Abdullazadə, dəq.71)
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı 18. Tural Cəlilov 21. Radomir Todorov 23. Nikola Qliqorov
Baş məşqçi: Con Toşak
"Neftçi”: 30. Saşa Stamenkoviç 2. Karlos Kardoso (11. Melvin Platye, dəq.78) 3. Denis Silva 6. Rəşad Sadiqov (k) 7. Araz Abdullayev 9. Flavio Aleks Valensio 14. Bahodir Nasimov (90. Ernest Nfor, dəq.60) 15. Erik Ramos 16. Bruno Bertuççi 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, dəq.56) 22. Mahir Şükürov
Ehtiyat oyunçular: 1. Pavel Doroşevs 4. Tərlan Quliyev 5. İqor Mitreski 32. Elvin Yunuszadə
Məşqçi: Tərlan Əhmədov
Sarı vərəqələr: Sadio Tounkara, 26 (qeyri-idman hərəkəti); 64 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 36 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 51 (qeyri-idman hərəkəti); Duqlas Leite, 86 (qeyri-idman hərəkəti); Zohair Benouahi, 87 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 90+6 (qeyri-idman hərəkəti) // Flavio Aleks Valensio, 26 (qeyri-idman hərəkəti); Bahodır Nasimov, 51 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 64 (qeyri-idman hərəkəti); Mahir Şükürov, 87 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 87 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Sadio Tounkara, 64
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 6 dəq.
Bu komandaların Superkubokdakı ilk dueli də maraqla gözlənilirdi. Təkcə ona görə yox ki, "Nefçi" ilə "Xəzər Lənkəran" arasında "Böyük oyun"lar həmişə gərgin, prinsipial keçib. Həmin ilin mayında komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan Kubokunun final matçı dava-dalaşla yadda qalmışdı. Stamenkoviçlə Toşak arasında "söz deyişməsi" ilə başlayan qalmaqal sonda "Xəzər Lənkəran"ın futbolçularının döyülməsi ilə yekunlaşmışdı. "Neftçi"nin o vaxt rəisi olan Güloğlan Cabbarov Lənkəran klubunun gənc futbolçusu Kamran Abdullalazadəni döyərək sifətini al qana boyamışdı.
Superkubok oyununun əsas qəhrəmanlarından biri isə baş hakim Rəhim Həsənov oldu. FİFA referisi artıq 16-cı dəqiqədə diqqət mərkəzinə düşdü. Ağabala Ramazanovun cərimə meydanında yıxılmasını penalti kimi dəyərləndirən Həsənov bir neçə dəqiqə sonra köməkçilərinin məsləhətləri ilə qərarını dəyişdi. "Xəzər Lənkəran"ın rəhbərliyi buna etiraz əlaməti olaraq VİP lojanı tərk etdi.
Bu epizoddan 11 dəqiqə sonra isə Mbilla Etame hesabı açmaqla Superkubokda ilk qolun müəllifi olub. Afrikalı hücumçu Ramazanovun ötürməsini qola çevirdi.
İkinci hissədə yenidən diqqət mərkəzinə düşən baş hakim bu dəfə Sadio Tounkaranı meydandan qovdu. Bundan sonra təxminən yarım saat azlıqda oynamalı olan "Xəzər Lənkəran” üstünlüyü tez əldən verdi. Araz Abdullayevin ötürməsindən sonra Karlos Kardoso bərabərlik qoluna imza atıb. Az sonra braziliyalı müdafiəçi zədələnərək meydanı tərk etdi.
Çoxlarının əlavə vaxta ehtiyac yaranacağını düşündüyü zaman "Xəzər Lənkəran” Superkubokun taleyini həll edən həlledici qola imza atdı. Rasim Ramaldanov azlıqda qalan komandasına son dəqiqədə vurduğu qolla tarixi qələbə qazandırdı.
Bununla da həm "Xəzər Lənkəran", həm də əcnəbi baş məşqçi Azərbaycan Superkubokunu ilk dəfə qazandı. Daha öncə hər 3 halda mükafatı yerli mütəxəssislərin komandaları əldə etmişdi. 1949-cu il təvəllüdlü, həmin vaxt 64 yaşı olan Toşak bunadək 3 dəfə - İngiltərə, İspaniya və UEFA Superkubokunu qazanmışdı. O, 4-cü uğurunu Azərbaycanda gerçəkləşdirməklə bunu bacaran ilk əcnəbi mütəxəssis kimi adını futbol tariximizə yazdırdı.
Qeyd edək ki, Toşaka Azərbaycan Kubokunun finalında qalib gələn "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev həmin vaxt səhhətində problem üzündən doğulub boya-başa çatdığı, futbolçu karyerasını keçirdiyi Naxçıvandakı görüşün iştirakçısı ola bilmədi. Ona görə komandanı matça köməkçisi Tərlan Əhmədov çıxarmışdı. "Neftçi"nin əslən Naxçıvandan olan rəhbərliyi bu məğlubiyyətdən sonra Əhmədovu istefaya göndərdi.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyələşdirilib