"Bura gəlişim qısa zamanda baş verdi. "Neftçi" ilə müqaviləm bitmişdi. Həmin vaxt "Qarabağ"dan təklif gəldi və mən də dəyərləndirdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"dən "Qarabağ"a keçən Elşən Abdullayev deyib. Gənc yarımmüdafiəçi yeni komandasında əvvəldən də tanıdığı, bir yerdə oynadığı futbolçuların olduğunu bildirib: "Komandada hər kəs bir ailə kimidir. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq".
Abdullayev komandadakı rəqabətdən çəkinmədiyini də bildirib: "Əlbəttə, çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnaniram ki, hər şey istədiyim kimi alınacaq".
Yeni transfer "Qarabağ"ın hədəflərindən də danışıb: "Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək".
Abdullayev bildirib ki, azarkeşlər hər zaman komandasının daha güclü olmasını, daha baxımlı futbol görmək istəyirlər: "Ümid edirəm, onlar toplanışdan sonra daha güclü "Qarabağ" izləyəcəklər".